BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 3 avqust (AZƏRTAC). Avqustun 2-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul və digər rayonlardan 12 tondan çox məhsul gətirilmişdi. Burada məhsulların bolluğu və ucuzluğu diqqəti cəlb edirdi. Qoyun ətinin kiloqramı 4 manat 50 qəpiyə, mal əti 4 manata, kök, kələm, çuğundur, soğan və kartof 30-50 qəpiyə, yumurtanın biri 5 qəpiyə və s. satılırdı. Yarmarkada hər həftə iştirak edən gədəbəyli Cəmil İsayev bu dəfə 1 tondan çox kartof, soğan, kələm, yerkökü və çuğundur gətirmişdi. Fermer məhsulları ucuz qiymətə satdığını və yaradılan şəraitdən razılığını bildirdi. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun verdiyi məlumata görə, ümumilikdə şənbə və bazar günü yarmarkada 27 tondan çox məhsul satılmışdır.
Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunan yarmarkada Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Vahid Zərgərov bildirdi ki, bir gün əvvəl Salyan, Qusar, Dəvəçi, Quba, Astara və digər rayonlardan buraya gətirilmiş 60,4 ton kənd təsərrüfatı məhsulunun təqribən 70 faizi satılıb qurtarmışdır. Paytaxt sakinləri onlara təklif olunan mövsümi meyvə və tərəvəz məhsullarının - kartof, soğan, lobya, badımcan, bibər, yerkökü, pamidor, xiyar, qarğıdalı, şaftalı, ərik, gilas, alça, yay alması, gavalı, yemiş, qarpız və s. qiymətlərinin bazarlara nistətən xeyli ucuz olmasından razılıq edirdilər.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzindəki yarmarkada paytaxt sakinləri bazardakından xeyli ucuz olan məhsulları həvəslə alırdılar. Burada Qəbələ, Qax, Ağcabədi, Biləsuvar, Quba, Salyan, Kürdəmir və Şəmkir rayonlarından gətirilmiş 105 tondan çox keyfiyyətli məhsulun - badımcan, pomidor, xiyar, alça, gilas, çiyələk və əriyin alıcıları çoxluq təşkil edirdi. Ümumilikdə şənbə və bazar günü yarmarkada 210 tondan çox məhsul satılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov demişdir ki, avqustun 1-2-də Suraxanı rayonu ərazisində təşkil olunmuş yarmarkalarda ümumilikdə 78 ton 400 kiloqram məhsul satılmışdır. Bunun 71 ton 900 kiloqramı rayonun “Günəş” ticarət mərkəzindəki yarmarkanın, 6 ton 500 kiloqramı isə “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkanın payına düşür. Məhsullar arasında kartof, soğan, yerkökü, kələm, ət, süd məhsulları, göyərti, xiyar, badımcan, alma, armud, pomidor, lobya, alça, gilas, ərik, şaftalı, qarağat, gavalı, fındıq, göyəm və digər məhsullar çoxluq təşkil etmişdir.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada Ağsu və Qazax fermerləri iki gün ərzində 20 tondan artıq meyvə-tərəvəz satmışlar.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada satışa Ağstafa, Bərdə və Goranboydan gətirilmiş pomidor, kələm, qarpız, kartof, badımcan və digər məhsullar çıxarmışdılar.
######
![]() |
![]() |

