BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 6 fevral (AZƏRTAC). Fevralın 6-da Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada şəhər sakinlərinə Hacıqabul, Sabirabad, Gədəbəy və digər rayonlardan gətirilmiş 14 tondan çox məhsul təklif olunurdu. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun sözlərinə görə, yarmarkadakı qiymətlər bazardakından 20-25 faiz ucuzdur. Belə ki, qoyun ətinin kiloqramı 4 manar 50 qəpiyə, mal əti 4 manata, kartof və soğan 50 qəpiyə, yumurtanın biri 8 qəpiyə və s. satılırdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Saleh Zərbəliyevin məlumatına görə, Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətindəki yarmarkada satışa Salyan, Quba, Qusar, Astara və Dəvəçi rayonlarından gətirilmiş 34,5 ton meyvə-tərəvəz çıxarılmışdır. Yarmarkada əksər məhsullar bazarlara nisbətən yarıbayarı ucuz təklif olunur. Məsələn, xiyarın kiloqramı 70-80, pomidor 1 manat-1 manat 50, kartof 50-60, alma 30-50, balqabaq 20-30 qəpiyə, mal əti 4 manata, balıq, növlərindən asılı olaraq, 3-5 manata, göyərtinin dəstəsi 5-10 qəpiyə və s. təklif olunur.
İşçi qrupun qərargahından verilən məlumata görə, metronun “Əhmədli” stansiyasının yaxınlığında “Azər” ticarət mərkəzindəki yarmarkaya Ağcabədi, Quba, Biləsuvar, Qax, Kürdəmir və digər rayonlardan 240 ton kənd təsərrüfatı məhsulları gətirilmişdi. Fermerlər məhsulları bazardakından xeyli ucuz qiymətə təklif edirdilər.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada şəhər sakinlərinə Samux, Daşkəsən, Quba, Biləsuvar rayonlarından gətirilmiş 14 ton 300 kiloqram məhsul təklif olunurdu. Məhsulun bolluğu və çeşidlərin müxtəlifliyi qiymətlərə də təsir göstərmişdi. Kartof, soğan, yerkökü, kələm, ət, süd, alma, armud, qoz, fındıq, xurma, sitrus meyvələri - feyxoa, naringi, kivi, portağal, eləcə də istixana şəraitində yetişdirilmiş göyərti, xiyar, pomidor və digər məhsullar bazarlarla müqayisədə 20-25 faiz ucuz qiymətə satılırdı.
Təqaüdçü Mirələm Seyidov demişdir ki, qarlı və şaxtalı hava bazardakı qiymətlərə daha çox təsir göstərmişdir. Bazarda kartof, soğan, naringi, eləcə də digər məhsullar baha qiymətə satılır. Biz dövlət başçımız, Prezident İlham Əliyevə minnətdarıq ki, yarmarkaların təşkilinə göstəriş vermişdir. Uzun müddətdir ki, yarmarkalar bizim əlimizdən tutur. Bu bizə qayğıdır.
Günəşlidəki məktəblərin birində müəllim işləyən Könül xanım da yarmarkaların təşkilindən razılığını bildirmişdir. O demişdir ki, bir az yağış-qar yağan kimi möhtəkirlər bazarlarda məhsulun qiymətini qaldırırlar. Yaxşı ki, yarmarkalar var. Yolumuz uzaq olsa da burada qiymətlər münasibdir. Ona görə də hamımız yarmarkalara üz tutmuşuq.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrad Eminov bildirmişdir ki, Nərimanov rayonu Ə.Əliyev küçəsindəki yarmarkada Neftçala, Oğuz, Beyləqan rayonlarının fermerləri satışa 7,1 ton məhsul çıxarmışlar. Güclü qar, yolların buz bağlaması və hava şəraitinin pisləşməsi ilə əlaqədar bəzi rayonlardan yarmarkaya məhsul göndərilməmişdir. Qışın kəskin, sərt soyuğuna baxmayaraq yenə də yarmarkada alış-veriş var idi.
Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri yarmarkada qayda-qanuna nəzarət edirdilər.
######
