BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 8 fevral (AZƏRTAC). Fevralın 7-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada bazar günü Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 11 tondan çox məhsul satılmışdır. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərov dedi ki, yarmarkadakı qiymətlər bazardakından 20-25 faiz ucuz olmuşdur. Belə ki, qoyun ətinin kiloqramı 4 manat 50 qəpiyə, mal əti 4 manata, soğan və kartof 50 qəpiyə, yumurtanın biri 8 qəpiyə və s. satılmışdır.
Güclü qar və çovğundan sonra respublika ərazisinin, xüsusilə magistral yolların buz bağlaması bazar günü Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunan yarmarkada alış-verişə mane ola bilməmişdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Saleh Zərbəliyevin verdiyi məlumata görə, iki gün ərzində əhaliyə Salyan, Quba, Qusar, Astara və Dəvəçi rayonlarından gətirilmiş 34,5 ton meyvə-tərəvəz satılmışdır. Əksər məhsullar bazarlara nisbətən yarıbayarı ucuz təklif olunmuşdur.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində təşkil edilmiş yarmarkada şənbə və bazar günləri satışa müxtəlif çeşiddə kənd təsərrüfatı məhsulları çıxarılmışdı. Qiymətləri bazardakından 20-25 faiz ucuz olan həmin məhsullar həvəslə alınırdı. İşçi qrupun qərargahından verilən məlumata görə, iki gün ərzində burada Ağcabədi, Quba, Kürdəmir, Qax, Biləsuvar və digər rayonlardan gətirilmiş 240 ton meyvə-tərəvəz, pendir, mal və qoyun əti, bal, digər məhsullar satılmışdır.
Havaların qarlı və şaxtalı keçməsinə baxmayaraq, Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada şənbə və bazar günləri Samux, Daşkəsən, Quba, Biləsuvar rayonlarından gətirilmiş 14 ton 300 kiloqram məhsul satılmışdır. Məhsulun bolluğu və çeşidlərin müxtəlifliyi qiymətlərə də təsir göstərmiş, meyvə-tərəvəz bazarlarla müqayisədə 20-25 faiz ucuz qiymətə təklif olunmuşdur.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerləri 2 ton 400 kiloqram məhsul satmışlar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov bildirmişdir ki, yarmarkada məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılmış, ət və süd məhsulları baytar müayinəsindən keçirilmişdir.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrad Eminov bildirmişdir ki, Nərimanov rayonu Ə.Əliyev küçəsindəki yarmarkada şənbə və bazar günləri İmişli, Neftçala, Oğuz, Beyləqan rayonlarının fermerləri 7,1 ton məhsul satmışlar.