BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 13 fevral (AZƏRTAC). Fevralın 13-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan 9 tondan çox məhsul, o cümlədən 2 ton ət, 0,2 ton ağartı, 2,5 ton tərəvəz, 2 ton kartof, 0,5 ton bostan məhsulları, 2 ton meyvə, 2 min ədəd yumurta gətirilmişdi. Yarmarkada hər həftə iştirak edən gədəbəyli Arzu Tanrıquliyev bu dəfə satışa 2 tondan çox kartof, soğan, kələm, yerkökü və çuğundur çıxarmışdı. Fermer məhsulları ucuz qiymətə satdığını və yaradılan şəraitdən razılığını bildirdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərov dedi ki, yarmarkada qiymətlər bazardakından 20-25 faiz ucuzdur. Belə ki, qoyun ətinin kiloqramı 4 manat 50 qəpiyə, mal əti 4 manata, soğan 60, kartof və kələm 30-40, yumurtanın biri 8 qəpiyə və s. satılır.
Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunmuş yarmarkada alıcılara Salyan, Dəvəçi, Quba, Qusar, Astara rayonlarından gətirilmiş meyvə-tərəvəz və digər məhsullar təklif edilirdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Saleh Zərbəliyevin verdiyi məlumata görə, bu gün satışa 78,5 ton məhsul çıxarılmışdır.
Həmişə olduğu kimi, bu dəfə də Salyan rayonu həm məhsulun çoxluğuna, həm də çeşidin müxtəlifliyinə görə birincidir. Yarmarkada satılan məhsulların təqribən yarısı bu rayonun payına düşür. Mövsümi meyvə-tərəvəzin bolluğu və çeşidin müxtəlifliyi qiymətlərin xeyli aşağı düşməsinə səbəb olmuşdur. Məhsullar bazarlardakından, demək olar, yarıbayarı ucuz satılır.
Badamdar qəsəbəsinin mərkəzində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkaya Ağdaş, Salyan Masallı, Sabirabad, Quba, Biləsuvar və digər rayonlardan 16 tondan çox kənd təsərrüfatı məhsulu gətirilmişdi. Giləzi və Hacıqabul quşçuluq fabriklərinin nümayəndələri isə satışa 9 min 200 ədəd yumurta çıxarmışdılar.
Masallıdan kartof gətirmiş Həsən Mirzəyev iki ildir ki, yarmarkanın “daimi sakininə” çevrilmişdir. Deyir ki, ötən müddətdə burada 50 tondan çox məhsul satmışam. Kartofun kiloqramını 50-60 qəpiyə təklif edirəm. Qəsəbə sakinləri məhsulu həvəslə alırlar.
Badamdar sakinləri bu yarmarkaların müntəzəm keçirilməsini diqqətəlayiq hal, dövlətin əhalinin maddi rifahının yüksəldilməsinə qayğısı kimi qiymətləndirirlər.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində təşkil edilmiş yarmarkada şəhər əhalisinə alma, kələm, kartof, arıçılıq, heyvandarlıq məhsulları satılırdı. İşçi qrupun qərargahından verilən məlumata görə, bu gün Ağcabədi, Quba, Kürdəmir, Qax, Biləsuvar rayonlarından 243 ton meyvə-tərəvəz gətirilmişdir. Şəhər sakinləri təzə, keyfiyyətli məhsulların bazarlardakından xeyli ucuz olduğuna görə yarmarkanın təşkilatçılarına, fermerlərə minnətdarlıq edirdilər.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada şəhər sakinlərinə Samux, Daşkəsən, Quba, Biləsuvar rayonlarından gətirilmiş 33 tondan çox məhsul təklif olunurdu.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmovun sözlərinə görə, məhsulun bolluğu və çeşidlərin müxtəlifliyi qiymətlərə də təsir göstərmişdir. Kartof, soğan, yerkökü, kələm, ət, süd, alma, armud, qoz, fındıq, xurma, sitrus meyvələri - feyxoa, naringi, kivi, portağal, eləcə də istixana şəraitində yetişdirilmiş göyərti, xiyar, pomidor və digər məhsullar bazarlarla müqayisədə 25-30 faiz ucuz qiymətə satılır. Satıcılar və fermerlər də yarmarkaların təşkilindən razıdırlar.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerləri satışa 2 ton 500 kiloqram məhsul çıxarmışdılar.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin yaxınlığındakı yarmarkada Ağsu və Qazax fermerləri alıcılara 16 tondan çox kənd təsərrüfatı məhsulları, o cümlədən kartof, kök, alma, kələm, nar və s. təklif edirdilər. Şəhər sakinləri həmin məhsulları həvəslə alırdılar.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada isə Goranboy, Bərdə və Ağstafa fermerləri ucuz qiymətlərə təzə meyvə-tərəvəz, süd məhsulları satırdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrad Eminov bildirmişdir ki, Nərimanov rayonu Ə.Əliyev küçəsindəki yarmarkaya Xaçmaz, Tovuz, Astara, İmişli, Neftçala, Oğuz, Beyləqan rayonlarından 27,3 ton məhsul gətirilmişdir. Paytaxt sakinlərinə 11,4 ton meyvə, 10,2 ton tərəvəz, 4,5 ton kartof, 700 kiloqram süd məhsulları, 700 yumurta təklif olunur. Yarmarkada qayda-qanuna nəzarət olunur.
######
![]() |
![]() |

