BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 15 fevral (AZƏRTAC). Fevralın 14-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan 8 tondan çox məhsul, o cümlədən 1,2 ton ət, 0,2 ton ağartı, 2,5 ton tərəvəz, 2 ton kartof, 0,2 ton bostan məhsulları, 2 ton meyvə, 2,5 min ədəd yumurta gətirilmişdi. Burada qiymətlər bazardakından 20-25 faiz ucuz idi.
Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunan yarmarkada meyvə-tərəvəzin bolluğu, çeşidin müxtəlifliyi ilk baxışdan diqqəti cəlb edirdi. Şənbə və bazar günləri burada Salyan, Quba, Qusar, Astara və Dəvəçi rayonlarından gətirilmiş 78,5 ton meyvə-tərəvəz satılmışdır. Yarmarkada əksər məhsullar bazarlara yarıbayarı ucuz təklif olunmuşdur.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində təşkil edilmiş yarmarkada şəhər əhalisi satışa çıxarılan kənd təsərrüfatı məhsullarının bolluğundan razılıq edirdilər.
İşçi qrupun qərargahından verilən məlumata görə, şənbə və bazar günləri burada Ağcabədi, Quba, Kürdəmir, Qax, Biləsuvar rayonlarından gətirilmiş 243 ton meyvə-tərəvəz və digər məhsullar satılmışdır.
Suraxanı rayonu ərazisində təşkil olunmuş yarmarkalarda - “Günəş” ticarət mərkəzində və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində şənbə və bazar günləri 35 ton 600 kiloqram məhsul satılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmovun verdiyi məlumata görə, Samux, Daşkəsən, Quba, Biləsuvar rayonlarından gətirilmiş məhsulun bolluğu və çeşidlərin müxtəlifliyi qiymətlərə də təsir göstərmişdir. Belə ki, məhsullar bazarlarla müqayisədə 25-30 faiz ucuz qiymətə təklif olunmuşdur.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin yaxınlığındakı yarmarkada şəhər sakinləri Qazax və Ağsudan gətirilmiş məhsulları bazardakından 20-30 faiz ucuz qiymətə həvəslə alırdılar. İki gün ərzində burada 16 tonadək meyvə-tərəvəz satılmışdır.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada isə Bərdə, Ağstafa və Goranboy fermerləri alıcılara ucuz qiymətlərə alma, kartof, nar, kələm və digər məhsullar satmışlar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Savalan Seyfəddinov bildirmişdir ki, şənbə və bazar günləri Nərimanov rayonu Ə.Əliyev küçəsindəki yarmarkada Xaçmaz, Tovuz, Astara, İmişli, Neftçala, Oğuz, Beyləqan rayonlarından gətirilmiş 27,3 ton məhsul satılmışdır.