BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 20 fevral (AZƏRTAC). Fevralın 20-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada satışa Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 11 tondan çox məhsul, o cümlədən 2 ton ət, 0,4 ton ağartı, 3,5 ton tərəvəz, 2,5 ton kartof, 0,5 ton bostan məhsulları, 3 ton meyvə, 3,5 min ədəd yumurta çıxarılmışdı.
Yarmarkada hər həftə iştirak edən sabirabadlı fermer Rauf Qasımov bu dəfə 1 tondan çox mal və qoyun əti gətirmişdi. O, məhsulun yaxşı satıldığını, yaradılan şəraitdən razılığını bildirmişdir.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərov demişdir ki, yarmarkadakı qiymətlər bazardakından 20-25 faiz ucuzdur. Qoyun ətinin kiloqramı 4 manat 50 qəpiyə, mal əti 4 manata, soğan 60 qəpiyə, kartof və kələm 30-50 qəpiyə, yumurtanın biri 8 qəpiyə və s. satılır.
Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunan yarmarkaya Quba, Salyan, Dəvəçi, Qusar, Astara rayonlarından 73,1 ton məhsul gətirilmişdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Saleh Zərbəliyevin verdiyi məlumata görə, bu dəfə də Salyan rayonu həm məhsulun çoxluğuna, həm də çeşidin müxtəlifliyinə görə birincidir. Buradakı məhsulun təqribən yarısı bu rayonun payına düşür. Məhsullar arasında balıq, göyərti, kələm, ağartı məhsulları çoxluq təşkil edir. Bütün növ məhsullar bazarlardakından, demək olar, yarıbayarı ucuz satılır.
Badamdar qəsəbəsinin mərkəzində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkada alıcılara Ağdaş, Salyan Masallı, Sabirabad, Quba, Biləsuvar və digər rayonlardan gətirilmiş 17 tondan çox kənd təsərrüfatı məhsulu təklif olunurdu. Burada satışa Giləzi və Hacıqabul quşçuluq fabriklərinin məhsulu - 11 min 400 ədəd yumurta çıxarılmışdı.
Badamdar sakinləri Dadaş Səmədov, Gülnisə Lalayeva, Elnarə Gülməmmədova və başqaları bu yarmarkaların davamlı təşkilini əhalinin maddi rifahının yüksəldilməsinə qayğısı kimi qiymətləndirdilər.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada Samux, Daşkəsən, Quba, Biləsuvar rayonlarının fermerləri alıcılara 35 tondan çox məhsul təklif edirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov bildirmişdir ki, məhsulun bolluğu və çeşidlərin müxtəlifliyi qiymətlərə də təsir göstərmişdir. Məhsullar bazarlarla müqayisədə 25-30 faiz ucuz qiymətə satılır.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerləri satışa 2 ton 400 kiloqram məhsul çıxarmışdılar.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin yaxınlığındakı yarmarkaya Qazax və Ağsudan 15 tondan çox kənd təsərrüfatı məhsulları gətirilmişdi. Bu məhsullar bazardakından 25-35 faiz ucuz qiymətlərə təklif edilirdi.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada isə Bərdə, Ağstafa və Goranboy fermerləri ucuz qiymətə kələm, kök, kartof və digər məhsullar satırdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qasımov bildirmişdir ki, Nərimanov rayonu Ə.Əliyev küçəsindəki yarmarkada satışa Xaçmaz, Tovuz, Daşkəsən, Astara, İmişli, Neftçala, Oğuz və Beyləqan rayonlarından gətirilmiş 25,6 ton məhsul çıxarılmışdır. Alıcılara bazarlardakından ucuz qiymətə kartof, soğan, kələm və digər məhsullar təklif olunur.
######
![]() |
![]() |
![]() |


