Bakıda Maliyyə İnvestisiya Forumu keçirilib















Bakı, 23 may, AZƏRTAC
Azərbaycan Kapital Bazarları Assosiasiyası (AKBA) və “Facemark” şirkətinin birgə təşkilatçılığı ilə Maliyyə İnvestisiya Forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin əsas məqsədi ölkədə kapital bazarlarının inkişafına, maliyyə savadlılığının artırılmasına, investisiya mühitinin təkmilləşdirilməsinə və yerli bazarın beynəlxalq trendlərə inteqrasiyasına diqqət çəkməkdir.
Forumda dövlət qurumlarının nümayəndələri, aparıcı maliyyə institutları, banklar, investisiya şirkətləri, fond birjası, sahibkarlar və media təmsilçiləri iştirak edərək geniş fikir mübadiləsi aparıblar. Forum çərçivəsində Azərbaycan Kapital Bazarları Assosiasiyasının fəaliyyəti ilə bağlı mühüm struktur dəyişiklikləri ictimaiyyətə təqdim olunub. Bildirilib ki, assosiasiya fəaliyyətini bundan sonra yeni ad altında davam etdirəcək. Eyni zamanda, assosiasiyanın idarəetmə modelində də dəyişikliklər baş verib. Əvvəllər İdarə Heyəti əsasında fəaliyyət göstərən təşkilat müasir korporativ idarəetmə standartlarına uyğun olaraq Direktorlar Şurası modelinə keçid edib. Bu dəyişiklik assosiasiyanın daha çevik və effektiv fəaliyyət göstərməsinə, strategiya səviyyəsində qərarların daha peşəkar şəkildə qəbuluna şərait yaradacaq.
Yeni yaradılmış Direktorlar Şurasının sədri vəzifəsinə isə kapital bazarları sahəsində çoxillik təcrübəyə malik Orxan Bağırov seçilib.