Bakıda Microsoft “İnnovasiya günü” qeyd olunub
Bakı, 12 mart, AZƏRTAC
Martın 12-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə ənənəvi "Microsoft" İnnovasiya Günü ("Microsoft Innovation Day") keçirilib.
AZƏRTAC xəbər verir ki, “Microsoft Azerbaijan” şirkətinin baş meneceri Rüfət Hacıəlibəyov İnnovasiya günü ilə əlaqədar son yeniliklərdən danışıb, yeni məhsulların texniki imkanları və üstünlükləri haqqında məlumat verib. Bildirilib ki, “Microsoft” şirkəti Yüksək Texnologiyalar Parkı, Təhsil Nazirliyi və digər dövlət qurumları ilə əməkdaşlıq edir. Builki İnnovasiya günü texnologiyaların gündəlik həyatda istifadəsinə həsr olunub və ən müasir texnoloji yenilikləri əhatə edir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı Etibar Umudov “Microsoft” şirkətinin nazirliyin bütün sosial və inkişafyönümlü layihələrində daim iştirak etdiyini bildirib.
“Microsoft” əsaslı cihazlar və bulud xidmətləri təsvir olunan tədbirdə bulud xidmətlərinin fərdi həyatda və biznesdə istifadəsi imkanları barədə məlumat verilib. Eyni zamanda, “Windows” əsaslı cihazları, həmçinin işgüzar və gündəlik istifadə üçün nəzərdə tutulmuş proqram və həlləri, o cümlədən, bu cihazların vahid sistem kimi işləyə bilmə imkanları nümayiş etdirilib, “Outlook.com”, “OneDrive”, “Office Online” və “Office 365” kimi xidmətlər vasitəsilə şirkətlərin iş səmərəliliyini artırma imkanları barədə danışılıb.
Qeyd edək ki, "Microsoft Innovation Day" - "Microsoft" Korporasiyasının innovasiya texnologiyalarına həsr edilən və hər il təşkil olunan ən böyük tədbirlərdəndir. Azərbaycanda bu tədbir 2007-ci ildən keçirilir.