BAKIDA NATO HƏFTƏSİ ÇƏRÇİVƏSİNDƏ “BÖHRANLARIN İDARƏ EDİLMƏSİ” MÖVZUSUNDA NÖVBƏTİ YAY SESSİYASI İŞƏ BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, Bakıda keçirilən növbəti NATO həftəsi çərçivəsində iyunun 16-da “Ramada” otelində NİSA-nın (Azərbaycanda NATO Beynəlxalq Məktəbi) “Böhranların idarə edilməsi” mövzusunda növbəti yay sessiyası işə başlamışdır.
NATO əməkdaşlarının və tərəfdaş ölkələrin Bakıdakı səfirlərinin iştirak etdiyi tədbirdə NATO-nun Əməliyyatlar Bölməsinin planlaşdırma şöbəsinin rəhbəri Dieqo Ruiz Palmer sessiyanın əhəmiyyətindən danışmışdır. O bildirmişdir ki, Azərbaycan NATO-nun əhəmiyyətli partnyorlarından biridir və beynəlxalq təhlükəsizliyin təmin olunmasına töhfə verən dövlətdir.
Terrorizm də daxil olmaqla, təhlükəsizliyə qarşı müasir çağırışlarla mübarizədə səylərin birləşdirilməsinin vacibliyini qeyd edən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç demişdir ki, bu problemin həlli üçün təhlükəzilik konsepsiyası qəbul olunmalıdır.
Səfir xüsusi vurğulamışdır ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmasının tərəfdardır.
İyunun 21-dək davam edəcək sessiyada böhran anlayışına nəzəri və praktiki yanaşmalar, böhranlar və onların idarə olunması üzrə aparılan əməliyyatların formaları, böhranların idarə olunması əməliyyatlarında beynəlxalq təşkilatların rolu, mülki-hərbi əlaqələr, bu məsələdə media və QHT-lərin rolu, NATO və digər təşkilatların böhranları idarəetmə sistemi, böhranlara cavab əməliyyatları və digər məsələlər müzakirə olunacaqdır.
Sessiyada NATO-ya üzv və tərəfdaş dövlətlərin 15-dən artıq aparıcı eksperti tərəfindən mühazirələr oxunacaqdır. Mühazirələri müxtəlif ölkələrdən, o cümlədən ABŞ, Belçika, Polşa, İtaliya, Argentina, Meksika, Türkiyə və digər ölkələrdən gələn 70 nəfərə yaxın gənc mütəxəssis, Azərbaycanın Xarici İşlər, Milli Təhlükəsizlik, Fövqəladə Hallar, Müdafiə və Daxili İşlər nazirliklərinin əməkdaşları və müvafiq nazirliklərin akademiyalarının müdavimləri dinləyəcəklər.
Artıq beş ildir ki, ölkəmizdə NATO həftəsi Azərbaycanın Xarici İşlər Nazirliyi və NATO-nun İctimai Diplomatiya Bölməsinin dəstəyi ilə keçirilir. NATO ilə bağlı müxtəlif tədbirləri özündə birləşdirən bu həftənin keçirilməsindən başlıca məqsəd ölkə ictimaiyyətini NATO-nun Avratlantika məkanının təhlükəsizliyinin təminatında oynadığı rol, Azərbaycanın NATO ilə münasibətləri haqqında məlumatlandırmaqdan ibarətdir.