BAKIDA “NƏ? HARADA? NƏ VAXT?” İNTELLEKTUAL OYUNU ÜZRƏ “MİLLƏTLƏR KUBOKU” YARIŞI START GÖTÜRMÜŞDÜR
Yarışda Azərbaycan, Rusiya, ABŞ, Almaniya, Belarus, Ukrayna, Özbəkistan, Türkmənistan, Gürcüstan, Moldova, Finlandiya, Litva, Latviya, Estoniya, Çexiya və İsraildən 140-dək erudit iştirak edir.
Tədbirin təşkilatçısı Azərbaycanın Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, “İSR Holding” şirkəti, “Nə? Harada? Nə vaxt?” klublarının Beynəlxalq Assosiasiyasıdır.
Açılış mərasimində Beynəlxalq Assosiasiyanın prezidenti Natalya Stetsenko iştirakçıları salamlayaraq, Bakıda artıq beşinci dəfə bu cür mötəbər yarışların keçirilməsinin Azərbaycan paytaxtının yüksək intellektual potensialının göstəricisi olduğunu bildirmişdir. Bu oyunların tarixindən danışan xanım Stetsenko yarışların keçirilməsində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq etmişdir.
Gənclər və idman naziri Azad Rəhimov isə son illərdə bütün sahələrdə əldə olunan nailiyyətlərdən danışmış, dövlətimizin başçısının iştirakçılara müraciətini oxumuşdur.
Azərbaycanın Dövlət himni səsləndirildikdən sonra yarış açıq elan olunmuşdur.
Yarışda 16 komanda 4 yarımqrupda mübarizə aparır. C qrupunda yarışan Azərbaycan intellektuallarının rəqibləri İsrail, Özbəkistan və Litva komandalarıdır.
Final sentyabrın 3-də keçiriləcəkdir.