BAKIDA ÖZBƏKİSTANIN “UZDEU-AVTO” ŞİRKƏTİNİN SATIŞ VƏ SERVİS MƏRKƏZİ AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, sentyabrın 9-da Bakıda Özbəkistanın “UzDeu-avto” şirkətinin satış və servis mərkəzinin açılış mərasimi keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan “Uzavtosanoat” Səhmdar Cəmiyyəti sədrinin müavini Qayrat Niyazov bildirmişdir ki, təmsil etdiyi qurum ilə avtomobil istehsalında tanınmış Koreya Respublikasının “Daewoo” şirkəti arasında 1992-ci ildə imzalanmış müqavilənin şərtlərinə uyğun yaradılmış “UzDeu-avto” elə həmin ildən də Özbəkistanda yüngül minik avtomobillərinin istehsalı ilə məşğuldur. 2002-ci ildə müflisləşməkdə olan “Daewoo”nun səhmlərinin bir hissəsinə sahib çıxan “UzDeu-avto” hazırda bu Koreya şirkətinin “Nexia”, “Matiz”, “Damas” kimi brendlərinin sahibidir. Azərbaycanda da bu avtomobillərin pərəstişkarları çoxdur. Məhz buna görə də “UzDeu-avto” şirkəti qardaş Azərbaycana gəlmişdir. Məqsəd Bakıda fəaliyyətə başlayaraq satış və servis mərkəzinin işini yüksək səviyyədə qurmaq və sürücülərin etibarını qazanmaqdır.
Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov iki qardaş xalqın kökü uzaq keçmişə gedib çıxan yaxın münasibətlərini diqqətə çatdırmış, XX əsrin sonlarında müstəqilliklərini bərpa etmiş dövlətlərimiz arasında siyasi, iqtisadi, mədəni əlaqələri vurğulamışdır. Nazir Özbəkistan Prezidenti İslam Kərimovun yaxın günlərdə Azərbaycana reallaşacaq səfərinin dövlətlərimiz arasında hərtərəfli əməkdaşlığın inkişafında yeni mərhələ olacağını söyləmiş, “UzDeu-avto” şirkətinin Bakıdakı fəaliyyətinə uğurlar diləmişdir.
Sonra Özbəkistan Baş nazirinin müavini Nodirxon Xanov və nəqliyyat naziri Ziya Məmmədov açılışı bildirən rəmzi lenti kəsmişlər.
Tədbirin iştirakçıları “UzDeu-avto”nun satış və serviz mərkəzi ilə, şirkətin istehsal etdiyi “Nexia”, “Matiz”, “Damas” avtomobilləri, “SamAuto” avtobusları və “TTZ-8010” qoşqulu traktorla tanış olmuşlar.
Mərasim konsert proqramı ilə davam etmişdir.
Tədbirdə Azərbaycan hökumətinin nümayəndələri, özbəkistanlı qonaqlar iştirak etmişlər.
######
