Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyi açılıb YENİLƏNİB VİDEO
Bakı, 25 dekabr, AZƏRTAC
Dekabrın 25-də Bakıda Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin və Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkinin iştirakı ilə Rusiya İxrac Mərkəzinin nümayəndəliyi açılıb.
AZƏRTAC xəbər verir ki, Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Pyotr Fradkov Rusiya İxrac Mərkəzi barədə məlumat verərək mərkəzin Rusiya-Azərbaycan iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində önəmli olacağını qeyd edib.
Rusiyanın iqtisadi inkişaf naziri M.Oreşkin ticarət əlaqələrinin Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin mühüm istiqamətlərindən olduğunu, Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin açılmasının ölkələrimiz arasında iqtisadi-ticarət əməkdaşlığının inkişafına, iş adamları arasında əlaqələrin genişləndirilməsinə töhfə verəcəyini vurğulayıb.
İqtisadiyyat naziri Ş.Mustafayev dövlət başçılarının səyləri və siyasi iradəsi nəticəsində ölkələrimiz arasında əlaqələrin strateji səviyyəyə yüksəldiyini vurğulayb. Nazir qeyd edib ki, Azərbaycan Rusiya ilə əlaqələrin inkişafına xüsusi önəm verir: “Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və bu sahədə müsbət inkişaf dinamika müşahidə edilir. Azərbaycanın qeyri-neft məhsullarının ixracı üzrə Rusiya ilk yerdədir. Təsadüfi deyildir ki, Azərbaycanın ilk ticarət nümayəndəliyi məhz Rusiya Federasiyasında yaradıb”.
Ş.Mustafayev bu gün açılan Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin fəaliyyətinin də ölkələrimiz arasında ticarət əlaqələrinin genişlənməsində, işgüzar əməkdaşlığın inkişafında və qarşılıqlı səmərəli investisiya layihələrinin reallaşdırılmasında əhəmiyyətli olacağını qeyd edib, mərkəzin fəaliyyətinə uğurlar arzulayıb.
Tədbir çərçivəsində Rusiya Federasiyasının iqtisadi inkişaf naziri M.Oreşkin Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin də yerləşdiyi “Ağ Şəhər”lə tanış olub. Rusiyalı nazirə layihə barədə geniş məlumat verilib.
Qeyd edək ki, Bakıda nümayəndəliyi açılan Rusiya İxrac Mərkəzi Rusiya müəssisələrinin xarici bazarlara çıxışının dəstəklənməsi, iş adamlarına gömrük, logistika, məhsulların sertifikatlaşdırılması sahəsində dəstək, yerli tərəfdaşların axtarışı üzrə məsləhət xidmətləri göstərir. Mərkəzin bir sıra ölkələrdə nümayəndəlikləri fəaliyyət göstərir.