Bakıda “Soyqırımlara son!” mövzusunda beynəlxalq konfrans keçirilir
Bakı, 31 mart, G.Məlikova, P.İmanova, AZƏRTAC
Martın 31-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə, Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan “Soyqırımlara son!” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, İran, Gürcüstan, Moldova və Özbəkistandan olan elm adamları, ekspertlər iştirak ediblər.
Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev müxtəlif dövrlərdə ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən soyqırımı siyasətindən danışıb,1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş kütləvi qırğınlar barədə məlumat verib. Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Bildirilib ki, konfransın məqsədi beynəlxalq hüquq normalarına və BMT konvensiyalarına əsaslanmaqla, gənclər arasında dünyada baş vermiş soyqırımları haqqında həqiqətlərin daha da geniş yayılması işində beynəlxalq ekspertlərin imkanlarından istifadə etmək və bununla da soyqırımlara qarşı təbliğat işinin elmi səviyyədə genişləndirilməsinə dəstək verməkdir. Eyni zamanda, digər xalqların qarşılaşdıqları qeyri-insani davranışlar və soyqırımlar barədə məlumat toplamaq, bu sahə üzrə ekspertlər və gənc elmi işçilər arasında yeni əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasını təşviq etmək də əsas məqsədlərdəndir.
Sonra konfrans işini Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin böyük məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Məhsəti Əliyevanın moderatorluğu ilə “Soyqırımların dünya xalqlarının tarixində və dünyanın siyasi xəritəsində buraxdığı izlər. Tolerantlıq və multikulturalizm soyqırımına əks təsir amili kimi” mövzusunda panel iclası ilə davam etdirib.
M.Əliyeva xalqımızın tarix boyu keçdiyi çətin və əzablı dövrlərdən söz açıb. Bildirilib ki, Azərbaycan xalqı dəfələrlə işğala, soyqırımına məruz qalmasına baxmayaraq heç vaxt ümidsizliyə qapılmayıb. Yalnız 1918-ci ilin mart soyqırımı zamanı qətlə yetirilən 50 minədək həmvətənimizlə yanaşı, milyonlarla soydaşımız didərgin həyatı yaşamağa məcbur edilib, tarixi abidələrimiz məhv olunub. Konfransın əsas məqsədi tarixi həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaqla erməni saxtakarlıqlarını ifşa etməkdir.
Tədbirdə Avrasiya Araşdırmalar Mərkəzinin rəhbəri Alev Kılıç, özbəkistanlı yazıçı-publisist Şuxrat Salamov, israilli ekspert Arye Qut və başqaları Azərbaycanda və dünyanın müxtəlif ölkələrində baş verən soyqırımlarının acı nəticələrindən söz açıb, insanlara qarşı dəhşətli qətliamlara, amansız terror aktlarına son qoyulması üçün səyləri birləşdirməyin vacibliyini vurğulayıblar.
“Soyqırımların tarixi və soyqırımlara qarşı mübarizənin hüquqi aspektləri. Beynəlxalq cinayət, ədalət mühakiməsi və soyqırımı” mövzusunda panel iclasında çıxış edənlər dinc əhaliyə qarşı törədilmiş erməni cinayətləri haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində qarşıda duran mühüm vəzifələrdən danışıblar.
Konfrans iştirakçıları aprelin 1-də Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət edəcəklər.