Bakıda “Zəlzələyə davamlılıq və fəlakətin qarşısının alınması” mövzusunda tədbir işə başlayıb
Bakı, 10 fevral, AZƏRTAC
Fevralın 10-da Bakıda Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı və Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinin dəstəyi ilə “Zəlzələyə davamlılıq və fəlakətin qarşısının alınması” mövzusunda tədbir işə başlayıb.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, toplantıda nazirliyin müvafiq qurumlarının, Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Seysmik izolyasiya üzrə Yarırəsmi Yapon Cəmiyyətinin, Yaponiyanın Azərbaycandakı səfirliyinin, aidiyyəti dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının, özəl şirkətlərinin, təhsil və elmi müəssisələrinin nümayəndələri iştirak ediblər.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bildirib ki, nazirlik fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirir. Bu sahədə böyük təcrübəyə malik ölkələrlə birgə müxtəlif tədbirlər keçirilir.
Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori Azərbaycan ilə ölkəsi arasında müxtəlif sahələri əhatə edən yüksək səviyyəli əməkdaşlığın qurulduğunu söyləyib. O, bugünkü tədbirdə də əhəmiyyətli nəticələrin əldə ediləcəyinə ümidvar olduğunu söyləyib.
Yaponiyanın Seysmik İzolyasiya üzrə Yarırəsmi Yapon Cəmiyyətinin prezidenti, nümayəndə heyətinin başçısı Akira Uada qeyd edib ki, Yaponiya bu sahədə dünyanın ən təcrübəli ölkələrindən biridir.
Üç gün davam edəcək tədbirdə yaponiyalı mütəxəssislər seysmik zonalarda tikinti işləri həyata keçirilərkən qabaqlayıcı tədbirlərin görülməsinə dair təqdimatlarla çıxış edəcəklər.
AMEA-nın müxbir üzvü, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, yaxın tarixdə Azərbaycan əhalisi də zəlzələlərdən əziyyət çəkib. O, zəlzələnin fəsadlarının azaldılması, fəlakət risklərinin minimuma endirilməsi istiqamətində böyük təcrübəyə malik olan Yaponiya kimi bir ölkə ilə əməkdaşlığın əhəmiyyətindən danışıb.
Tədbirdə “Yaponiyada bina tənzimlənməsi və zəlzələyə davamlı tədbirlərin təsviri”, “Seysmik izolyasiya və vibrasiyaya nəzarət texnologiyası və bununla bağlı qabaqcıl texnologiyaların mövcudluğu”, “Yaponiyada seysmik izolyasiyanın xülasəsi”, “Yapon seysmik izolyasiya sahəsindəki prinsiplər”, “Zəlzələnin azaldılması üçün struktur dizaynında təcrübə və tətbiqlər” və “Zəlzələyə davamlı olan binalar” mövzusunda məruzələr dinlənilib.
Maraqlı müzakirələrin aparıldığı tədbir fevralın 13-dək davam edəcək.