CƏMİYYƏT
BAKIDAKI İLK KATOLİK KİLSƏSİNİN TARİXİNƏ AİD MATERİALLAR SƏRGİLƏNMİŞDİR
Bakı, 17 may (AZƏRTAC). Bakı katolik kilsəsində keçən əsrin əvvəllərində Azərbaycan paytaxtında fəaliyyət göstərmiş ilk katolik kilsəsinin tarixinə aid materialların sərgisi açılmışdır.
Kilsədən bildirmişlər ki, Azərbaycan Dövlət Tarix Arxivi ilə birgə əməkdaşlıq nəticəsində Azərbaycanda hələ çar dövründə yaşayan katolik icması haqqında maraqlı fotolar və sənədlər, müqəddəs ocağa aid 15 foto, arxitektura layihələri və sxemlər aşkarlanmışdır. Onlardan 30-a yaxını sərgidə nümayiş olunmuşdur. Bildirilmişdir ki, 1863-cü ildə Bakıda katolik icması fəaliyyət göstərmişdir. Katoliklərin tikdirdikləri kilsə keçən əsrin 30-cu illərində, Stalin repressiyaları dövründə sökülmüşdür.
Qeyd edək ki, XX əsrin əvvəllərində Azərbaycanda katoliklərin sayı 10 minə çatmış və 1909-cu ildə, hazırda Şəhriyar adına Mədəniyyət Mərkəzinin yerləşdiyi yerdə kilsənin təməlqoyma mərasimi keçirilmişdir. 1915-ci ildə kilsə fəaliyyətə başlamış, lakin 1931-ci ildə sökülmüşdür.