BAKININ İCTİMAİ NƏQLİYYATINDA KÖKLÜ DƏYİŞİKLİKLƏRƏ BAŞLANMIŞDIR
Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, paytaxt sakinlərinə göstərilən xidmətin mədəni səviyyəsini yüksəltmək, sərnişinləri mənzil başına təhlükəsiz çatdırmaq, eyni zamanda, son vaxtlar bəzi küçələrdə yaranan tıxacların qarşısını almaq istiqamətində tədbirlər davam etdirilir.
Bakı şəhərində nəqliyyat sisteminin inkişafının və səmərəli işinin təşkil edilməsi, yeni müasir yolların və yol qurğularının, körpülərin, yeraltı və yerüstü keçid və dayanacaqların tikilməsi, ictimai nəqliyyatın fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi məqsədi ilə və eləcə də “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə Tədbirlər Planı”na müvafiq olaraq Nəqliyyat Nazirliyi kompleks tədbirlər həyata keçirir.
Son günlər aztutumlu, texniki parametrlərinə görə standartlara cavab verməyən avtobusların paytaxt küçələrində hərəkətinə məhdudiyyət qoyulmuşdur. Təxminən 1000-ə yaxın istismara yararsız avtobus marşrutlardan kənarlaşdırılmış, xətlərə sərnişinlərə keyfiyyətli və təhlükəsiz xidmət göstərməyə qadir, beynəlxalq standartlara cavab verən müasir avtobuslar buraxılmışdır. Sərnişinlərin razılıqla qarşıladıqları yeni avtobuslar Almaniya, Koreya, Belarus və Çindən gətirilmişdir.
Yaxın günlərdə marşrutlara daha bir neçə yeni avtobus buraxılacaqdır.