“Bakutel-2017” çərçivəsində V Regional İnternet İdarəçilik Forumu keçiriləcək
Bakı, 30 noyabr, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyi və “ADA” Universiteti ilə birgə XXIII “Bakutel” informasiya-kommunikasiya texnologiyaları sərgisi çərçivəsində V Regional İnternet İdarəçilik Forumu keçirəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, forum dekabrın 7-də “İnnovasiya və Tərəqqinin Açarı İnternet” devizi altında təşkil olunacaq. Tədbirin keçirilməsində məqsəd innovativ, rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafının stimullaşdırılması, elektron iştirak və Açıq Hökumət üzrə Azərbaycanın potensialının artırılmasına töhfə verməkdir. Eyni zamanda, İKT sektorunun yerli təmsilçilərini beynəlxalq mütəxəssislərlə görüşdürmək, təcrübə mübadiləsi və birgə səmərəli əməkdaşlığa təşviq etməkdir.
Beynəlxalq tədbirdə müxtəlif ölkələrdən hökumət, biznes, elm və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edəcək. İnternetlə bağlı aktual məsələlər və perspektivlər müzakirə ediləcək.
“V Regional İnternet İdarəçilik Forumu Azərbaycan”da (RİFAZ 2017) iştirak üçün http://www.rigf.az saytına keçid etməklə qeydiyyatdan keçmək olar. Məlumat üçün bildirilir ki, sayt bu il texniki standartlara uyğun olaraq yenilənib.