BALAKƏN TƏHSİL İŞÇİLƏRİNİN KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 10-da Balakən rayonunun İtitala kənd orta məktəbinin akt zalında rayonun təhsil işçilərinin ənənəvi konfransı keçirilmişdir.
Konfransda rayon təhsil şöbəsinin müdiri Seyfullah Kərimovun 2007-2008-ci tədris ilinin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat məruzəsi dinlənilmişdir.
Ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində digər sahələrlə yanaşı, təhsil sisteminin də yüksələn xətlə inkişaf etdiyini bildirən məruzəçi, son illər bu sahənin inkişafı ilə bağlı 15-dən artıq Dövlət Proqramının qəbul olunduğunu nəzərə çatdırmışdır. Bildirilmişdir ki, hazırda bu proqramlardan irəli gələn vəzifələr Balakən rayonunda da uğurla həyata keçirilir, yeni məktəblər tikilir, təhsil müəssisələri müasir avadanlıqla təchiz edilir, təhsildə yeni texnologiyaların tətbiqinə üstünlük verilir.
Məruzədə qeyd olunmuşdur ki, ötən tədris ili ərəfəsində Balakən şəhərində 600 şagird yerlik, İtitala kəndində 480, Katex kəndində 240, Beretbinə kəndində 200, Roçəhməd kəndində 120 şagird yerlik yeni məktəb binaları, habelə Qazma kəndində 200 yerlik 10 əlavə sinif otağı tikilərək istifadəyə verilmişdir. Hazırda dövlət vəsaiti hesabına Mahamalar kəndində inşa edilən 480, Qaravəli kəndində 360, Dövlət Neft Fondunun vəsaiti ilə Qaysa kəndində 480, Gülüzanbinə kəndində 120 şagird yerlik yeni məktəb binalarının tikintisində son tamamlama işləri görülür. Bu məktəblər tezliklə şagirdlərin istifadəsinə veriləcəkdir.
Pedaqoji kollektivlərin əldə etdikləri nailiyyətlər barədə məlumat verən təhsil şöbəsinin müdiri bildirmişdir ki, 2008-ci ildə orta məktəbləri bitirmiş məzunlardan 415 nəfəri ali məktəblərə sənəd vermiş, onlardan 127 nəfəri, habelə əvvəlki ilin məzunlarından 31 nəfəri tələbə adını qazanmışdır. Qeyd olunmuşdur ki, məzunlardan 21 nəfəri 500-dən, 5 nəfəri isə 600-dən çox bal toplamışdır. Bundan əlavə, Balakən texniki və humanitar təmayüllü liseyi Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə 2007-2008-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsi qaliblərindən biri olmuşdur.
Konfransda rayon icra hakimiyyətinin başçısı Asif Məmmədov, Təhsil Problemləri İnstitutunun nümayəndəsi Rafiq Qəhdilov çıxış edərək, təhsil işçilərinə yeni dərs ilində uğurlar arzulamış, tövsiyələrini bildirmişlər.
Sonda ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış məzunlara qiymətli hədiyyələr təqdim edilmişdir.