Balakənin “Sirius” komandası “İntellektual Klubların IV Gənclər Liqası”nın finalına vəsiqə qazanıb
Qax, 27 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Bu ilin sentyabrında elan edilən ölkənin ən böyük intellektual turniri - “İntellektual Klubların IV Gənclər Liqası”nın Qax şəhərində keçirilən regional zona finalı Balakən rayonunun “Sirius” komandasının qələbəsi ilə başa çatıb. Komanda, eyni zamanda, Liqanın dekabrın 9-10-da Qubada keçiriləcək “Böyük Final”da iştirak etmək hüququ əldə edib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəki-Zaqatala Regional Nümayəndəliyinin layihə üzrə mütəxəssisi Elmir Həşimli məlumat verib.
Bildirilib ki, “Heydər Əliyev İli” çərçivəsində Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, "Gənclərin Maarifləndirilməsinə Dəstək" İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən turnirin əsas məqsədi intellektual oyunların gənclər arasında təbliği, onların asudə vaxtlarının faydalı təşkili, region gənclərinin şəbəkələşməsi, intellektual potensialı olan gənclərin aşkara çıxarılması və Ulu Öndər Heydər Əliyev irsi barədə gənclərin maarifləndirilməsidir.
Gənclər Liqasının ölkənin 8 şəhərində təşkil edilən regional zona finallarında, ümumilikdə, 100-dən çox komanda iştirak edib, onlardan 12-si “Böyük Final”da iştirak hüququ qazanıb. Liqanın Qaxda keçirilən zona finalında isə 11 komanda mübarizə aparıb. Qax rayonunu təmsil edən “Ulubaş” komandası zona yarışını ikinci pillədə başa vurub.
Qeyd edək ki, 2019-cu ildən bəri mütəmadi olaraq keçirilən turnir bu günədək 20 mindən çox gənci əhatə edərək, onların intellektual səviyyələrinin təkmilləşdirilməsinə, həmçinin şəbəkələşməsinə təkan verib.