Balaxanı qəsəbəsi ərazisində top mərmisi aşkarlanıb
Bakı, 16 oktyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a FHN-in İctimaiyyətlə əlaqə idarəsindən bildirilib.
Məlumatlarla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkarlanmış sursatın 1 ədəd 85 millimetrlik BR-365 top mərmisi olduğu müəyyən edilib. Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkarlanmayıb.