BAMF-ın prezidenti Türkiyə Jurnalistləri Konfederasiyası İdarə Heyətinin toplantısında iştirak edib
Bakı, 31 mart, AZƏRTAC
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev Azərbaycan Mətbuat Şurası adından Türkiyə Jurnalistlər Konfederasiyasının İdarə Heyətinin Antalyada keçirilən 14-cü toplantısında iştirak edib. Konfederasiya 92 qəzeti, yeddi federasiyanı və 20 mindən yuxarı üzvü özündə birləşdirir.
BAMF-ın mətbuat departamentindən AZƏRTAC-a bildiriblər ki, toplantıda çıxış edən Umud Mirzəyev Azərbaycanda medianın inkişafı, jurnalistikanın perspektivləri, Azərbaycan Mətbuat Şurasının fəaliyyəti barədə danışıb. O, Türkiyənin və Azərbaycanın media mənsublarının birgə fəaliyyətinin önəminə toxunub, eyni zamanda, rəhbəri olduğu BAMF-ın beynəlxalq təşkilatlarda çox illik fəaliyyəti sayəsində əldə olunan nailiyyətlərdən, təcrübədən söhbət açıb. Umud Mirzəyev beynəlxalq qurumlarda təmsilçiliyin artırılması, ölkələrimizin haqlı mövqeyinin qorunması, səsimizin dünyaya çatdırılması üçün tərəfdaşlıq imkanlarının gücləndirilməsinin vacibliyini qeyd edib.
İdarə Heyətinin martın 31-də keçirilən iclasında Azərbaycanlıların Soyqırımı Günü yad edilib, soyqırımı ilə bağlı videofilm nümayiş olunub.
Umud Mirzəyev əsrin əvvəllərində xalqımızın üzləşdiyi soyqırımından, 1918-1920-ci illərdə ermənilərin Qarabağda, Zəngəzurda, Naxçıvanda, Qubada, Bakıda, Qarsda və digər bölgələrdə törətdikləri qırğınlardan danışıb. O, Azərbaycan Prezidentinin Sərəncamına əsasən bu il Azərbaycan Xalq Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi ilə bağlı nəzərdə tutulan tədbirlərin əhəmiyyətinə toxunub.
Konfederasiyanın rəhbəri, Antalya Jurnalistlər Cəmiyyətinin sədri, Ağdəniz Jurnalistləri Federasiyası sədri, Türkiyə Jurnalistləri Konfederasiyası sədrinin müavini Mevlut Yeni çıxış edərək qardaş Azərbaycanın media və vətəndaş cəmiyyəti qurumları arasında əlaqələrin gücləndirilməsinin, beynəlxalq aləmdə birgə tədbirlərin təşkilinin, müxtəlif beynəlxalq qurumlarda birgə təmsilçiliyin əhəmiyyətini qeyd edib. O, 31 mart - Azərbaycanlıların Soyqırımı Gününü unutmadıqlarını vurğulayaraq deyib: “Bu gün erməni zalımlarının azərbaycanlı qardaşlarımıza qarşı törətdikləri soyqırımının ildönümüdür. Həm jurnalist kimi, həm də türk vətəndaşları olaraq soyqırımları, zülmləri qınadığımızı bildiririk. Türk qardaşları olaraq hər zaman, hər bir şəraitdə azərbaycanlı qardaşlarımızla həmrəyik, onların yanındayıq”.
Daha sonra M.Yeni Azərbaycan Mətbuat Şurası və BAMF arasında əməkdaşlığın gücləndirilməsinin, haqq səsimizin dünyaya çatdırılması istiqamətində birgə addımların əhəmiyyətinə toxunub.