“BARMEK” AZƏRBAYCAN ELEKTRİK ŞƏBƏKƏSİ ŞİRKƏTİNİN 3 YAŞI TAMAM OLMUŞDUR
Bu münasibətlə fevralın 1-də “Hyatt Regency” hotelində mətbuat konfransı kecirilmişdir. Şirkətin prezidenti Hüseyn Arabul tədbiri açaraq bildirdi ki, ötən müddətdə respublikamızın energetika şəbəkəsinin inkişafına, yenidən qurulmasına, müasir texnika və avadanlıqla təmin edilməsinə 42 milyon dollar vəsait sərf edilmişdir.
Şirkət hazırda 700 min abonentə xidmət edir. Bu illər ərzində minə qədər transformator quraşdırılmış, ümumi uzunluğu 115 kilometrə bərabər enerji ötürücü xətləri çəkilmiş, 300 minə qədər sayğac quraşdırılmış, uçot sistemi qaydaya salınmış, şirkətin əməkdaşları üçün ofislər yaradılmışdır.
Mətbuat konfransında şirkətin inkişaf perspektivlərindən də danışıldı, jurnalistlərin suallarına cavab verildi.
“Barmek” Azərbaycan Elektrik Şirkətinin prezidenti Hüseyn Arabul AZƏRTAC-ın müxbirinə demişdir:
-Qarşımızda çox ciddi vəzifələr durur. Biz maddi-texniki bazamızı möhkəmləndirməyi, tələb olunan elektrik avadanlığı və alətlərinin bir hissəsini özümüz istehsal etməyi qərara almışıq. Bu məqsədlə şirkətin tabeliyində müəssisə yaratmağı qarşıya məqsəd qoymuşuq.
Müəyyən çətinliklərlə rastlaşsaq da, başladığımız işləri davam etdiririk. Arzum budur ki, Azərbaycanda bu sərvət layiqincə qiymətləndirilsin, elektrik enerjisindən hər kəs qənaətlə istifadə etsin. Azərbaycan yeraltı və yerüstü sərvətlərlə zəngin olsa da, onlardan, o cümlədən elektrik enerjisindən israfçılıqla istifadə etmək yolverilməzdir. Bu sərvətlər təkcə indiki nəslə məxsus deyildir, gələcək nəsillər də ondan yararlanmalıdır. Bütün sərvətlərdən nə qədər qənaətlə istifadə edilərsə, Azərbaycan iqtisadiyyatı bir o qədər güclü olar.