CƏMİYYƏT
Baş Dövlət Yol Polisi İdarəsinin xidməti kurslarına qəbul davam edir
![Baş Dövlət Yol Polisi İdarəsinin xidməti kurslarına qəbul davam edir](/files/2020/1/1200x630/15814084973459817456_1200x630.jpg)
Bakı, 11 fevral, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin yol-patrul xidməti inspektoru (sıravi və kiçik rəis heyəti) vəzifəsində xidmət aparılması üçün hazırlıq kurslarına qəbul davam edir.
İdarənin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, kurslarda ali və ya orta ixtisas, yaxud tam orta təhsilli, sürücülük hüququna malik, aydın nitq qabiliyyəti olan 20-25 yaşlarında, boyu 180 santimetrdən hündür, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vuran, əvvəllər özü və yaxın qohumları qəsdən törədilən ağır cinayətlərə görə məhkum olunmayan (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” ilə müəyyən edilmiş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.
Kursları müvəffəqiyyətlə bitirib buraxılış imtahanlarından məqbul qiymət almış şəxslər DYP bölümlərinin vakant yol polisi xidməti inspektoru vəzifələrinə təyin ediləcəklər.
Kurslarda iştirak etmək istəyən şəxslər fevralın 20-dək hər iş günü saat 10:00-dan 17:00-dək Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə (Bakı şəhəri, Xırdalan - Binəqədi şosesi 4) müraciət etməlidirlər. Müraciət edilərkən namizədlərin şəxsiyyət vəsiqəsi, təhsil haqqında sənədi, hərbi bileti, əmək kitabçası (olduğu halda), sürücülük vəsiqəsi, məhkumluğunun olmaması barədə arayış şəxsən təqdim olunmalıdır.
Əlavə məlumatı 012 590-81-10, 012 590-81-39 nömrələrindən almaq mümkündür.