Baş konsulumuz Amerika Yəhudi Komitəsinin fəalları qarşısında çıxış edib
Vaşinqton, 16 noyabr, AZƏRTAC
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev noyabrın 13-də Amerika Yəhudi Komitəsinin (AYK) fəalları qarşısında çıxış edib.
Baş konsul ölkəmizin öz müstəqilliyini bərpa etdikdən sonra keçdiyi uğurlu inkişaf yolundan danışaraq zəngin neft və qaz ehtiyatlarından səmərəli istifadə nəticəsində Azərbaycanın regionda ən güclü dövlətə çevrildiyini qeyd edib. N.Ağayev xalqımızın çoxəsrlik tolerantlıq və multikulturalizm ənənələrinə toxunaraq Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində bu gün Azərbaycanın tolerantlıq və sabitlik adasına çevrildiyini, müxtəlif millətlərin və dinlərin nümayəndələrinin ölkəmizdə sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını bildirib.
Diplomat Los-Ancelesin Sinay Sinaqoqunun 50-dək üzvünün bu yaxınlarda Azərbaycana səfərindən bəhs edib, bu kimi səfərlərin ABŞ ilə Azərbaycan, xüsusilə hər iki ölkənin yəhudi icmaları arasında əlaqələrin gücləndirilməsi baxımından böyük önəm daşıdığını diqqətə çatdırıb.
Baş konsul Azərbaycanın 20 faiz ərazisinin Ermənistan tərəfindən işğal edildiyini, 1 milyona yaxın qaçqın və məcburi köçkünün öz doğma yurdlarından didərgin salındığını xatırladaraq, BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinə Ermənistanın hələ də məhəl qoymadığını vurğulayıb.
Azərbaycan-İsrail münasibətləri barədə danışan N.Ağayev, bu gün iki ölkə arasında siyasi, iqtisadi, mədəni və humanitar, eləcə də enerji sahəsində sıx əməkdaşlığın olduğunu söyləyib.
Sonda N.Ağayev qonaqların suallarını cavablandırıb.
Tədbirdə, həmçinin Amerika Yəhudi Komitəsinin beynəlxalq məsələlər üzrə direktoru Ceyson Aysakson (Jason Isaacson) da çıxış edib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton