Baş prokuror Kürdəmir rayonunda vətəndaşlarla görüşüb
Bakı, 10 fevral, AZƏRTAC
Fevralın 10-da Baş prokuror Kamran Əliyev Kürdəmir Rayon Prokurorluğunun inzibati binasında Kürdəmir, Ağdaş, Ucar, Zərdab, Ağsu, Göyçay, həmçinin digər rayonlardan olan vətəndaşlarla görüşüb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdən əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad edib.
Görüşdə iştirak edən 58 vətəndaşın müraciətində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi ilə bağlı, mülki xarakterli mübahisələrlə əlaqədar və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün Kamran Əliyev müvafiq göstərişlər verib.
Görüşdən sonra Baş prokuror əməkdaşlarla görüşlər keçirməklə onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdıqlarını diqqətə çatdırıb.