BAŞ PROKURORLUQDA GENİŞ ƏMƏLİYYAT MÜŞAVİRƏSİ KEÇİRİLMİŞDİR
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu qaydalarının yenidən qurulması məqsədi ilə prokurorluqda aparılan işləri diqqətə çatdıran baş prokuror Zakir Qaralov demişdir ki, vətəndaşların müraciətlərinə baxılmasının təşkilinə məsul olan yeni struktur qurum yaradılmış, bu istiqamətdə prokurorluğun fəaliyyətini tənzimləyən normativ-hüquqi sənədlər işlənib hazırlanmış, müraciətlərə obyektiv baxılması ilə əlaqədar prokurorluq əməkdaşlarının məsuliyyət hissinin artırılmasına yönəldilmiş təşkilati tədbirlər görülmüşdür. Bunların sayəsində prokurorluğa daxil olan ərizə və şikayətlərin azaldığı, prokurorların şəxsi qəbulunda olan vətəndaşların və təmin olunmuş müraciətlərin sayının artdığı diqqətə çatdırılmışdır.
Vətəndaşların qəbulu, onların müraciətlərinə vaxtında baxılması və haqlı tələblərinin təmin edilməsinin bütün dövlət quluqçularının əsas vəzifələrindən biri olduğunu irəli sürən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 24 noyabr 2003-cü il tarixli Fərmana müvafiq olaraq bu il fevralın 21-də Baş Prokurorluğun rəhbərliyi Quba şəhərində ölkəmizin şimal bölgəsi rayonlarında yaşayan vətəndaşların qəbulunun müsbət nəticələri diqqətə çatdırılmış və bu istiqamətdə tədbirlərin davam etdiriləcəyi vurğulanmışdır. Eyni zamanda, Mərkəzi aparatın əməkdaşları tərəfindən vətəndaşların yerlərdə qəbulunun keçirilməsi barədə tapşırıq verilmişdir.
Əməliyyat müşavirəsində Baş Prokurorluğun idarə və şöbələrində, şəhər və rayon prokurorluqlarında aparılmış yoxlamaların nəticələri barədə məruzələr, Mərkəzi aparatın müvafiq struktur qurumları rəhbərlərinin və yerli prokurorların hesabatları, konkret qanun pozuntularına və nöqsanlara yol vermiş prokurorluq orqanları əməkdaşlarının izahatları dinlənilməklə, vətəndaşların müraciətlərinə baxılması sahəsində görülmüş işlərin vəziyyəti, mövcud çatışmazlıqlar ətraflı müzakirə edilmiş, onların aradan qaldırılması və bu sahədə onların fəaliyyətinin səmərəliliyinin artırılması üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.
Prokurorluq orqanlarında vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu sahəsində yol verilən qanun pozuntuları və nöqsanlar ciddi tənqid edilərək, Baş Prokurorluğun əlaqədar struktur qurumları və bütün tabe prokurorlar tərəfindən “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununun və bununla bağlı dövlətimizin başçısının Fərmanının tələblərinə dönmədən əməl edilməsi üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyi diqqətə çatdırılmışdır. Eyni zamanda, vətəndaşların müraciətlərinə baxılması zamanı qanunsuzluq, süründürməçilik və biganəlik, qeyri-obyektivlik hallarına yol verən prokurorluq orqanları əməkdaşlarının barəsində ən ciddi intizam tənbehi tədbirlərinin görüləcəyi xüsusi vurğulanmışdır.
Baş Prokurorluğun əməliyyat müşavirəsində vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu sahəsində prokurorluq orqanlarının qarşısında duran konkret vəzifələri müəyyənləşdirən qərarlar qəbul edilmişdir.