Basketbol yığmasının məşqçisi: Məqsəd hər iki yaş kateqoriyasında çempion olmaqdır
Bakı, 9 fevral, AZƏRTAC
“Məqsəd hər iki yaş kateqoriyasında çempion olmaqdır”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında basketbol üzrə oğlanlardan ibarət U-16 və U-18 yığmalarının məşqçisi Polad Həsənov deyib.
Gənc mütəxəssis U-16 və U-18 yığmalarının Avropa çempionatındakı şanslarını dəyərləndirib: “Hər iki yığma oyunlarını iyul ayında keçirəcək. Rəqiblər arasında bizim üçün çətin olanları da var. Məsələn, U-16 millisinin yer aldığı qrupda Albaniya, U-18-də isə Monako və Ermənistan kimi güclü komandalar var. Hətta Monako Bakıda keçirilən yarışda üçüncü yerə çıxmışdı. Ötən il 16 yaşlılarda çempion olmağa yaxın idik. Təəssüf ki, bəxtimiz gətirmədi. U-18 millisi üçün isə ötən il uğursuz oldu. Çünki turnir zamanı bir çox basketbolçu zədə səbəbindən oynaya bilmədi. Ancaq biz ruhdan düşmürük. Məqsəd hər iki yaş kateqoriyasında çempion olmaqdır”.
Qeyd edək ki, Azərbaycanın 16 yaşadək oğlanlardan ibarət millisi C Divizionunda Albaniya, Malta və Moldova ilə birlikdə A qrupunda mübarizə aparacaq. Görüşlər iyulun 9-14-də Albaniyanın Durres şəhərində olacaq. 18 yaşadək oğlanlardan ibarət milli isə iyulun 23-28-də Albaniyanın Elbasan şəhərində təşkil olunacaq C Divizionunun B qrupunun oyunlarında Moldova, Ermənistan və Monako komandaları ilə üz-üzə gələcək.