CƏMİYYƏT
Başqalarına bıçaqla xəsarət yetirmiş şəxslər saxlanılmışlar
Bakı, 8 oktyabr (AZƏRTAC). Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş vermişdir. Lerik rayon sakini Seyranə İmanova münaqişə zəminində Xırdalan şəhər sakini Damət Mirzəyevə bıçaqla xəsarət yetirmişdir. S.İmanova Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır.
Oktyabrın 7-də Göygöl rayonunun Yeni Qızılca kənd sakini Rafayel Süleymanov da münaqişə zəminində həmkəndlisi Elçin Bayramova çoxsaylı bıçaq xəsarətləri yetirmişdir.
R.Süleymanov Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məsuliyyətə cəlb edilmişdir.
Kəpəz rayonundakı çörəkbişirmə sexlərinin birində isə Gəncə şəhər sakini Zaur Abbasi münaqişə zəminində həmyerlisi Həsən Məmmədovu bıçaqlamışdır. Z.Abbasi Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yaxalanmışdır.
Salyan rayonunun Marışlı kəndində də bıçaqlanma hadisəsi baş vermişdir. Kənd sakini Rövşən Baxışov bıçaq xəsarəti ilə xəstəxanaya gətirilmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmalar zamanı R.Baxışova bıçaqla xəsarətin həmkəndlisi, əvvəllər məhkum olunmuş Səmədağa Qurbanov tərəfindən yetirilməsi müəyyən edilmişdir. S.Qurbanov Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır.
Faktlarla bağlı cinayət işi açılmışdır, araşdırma aparılır.