Batalist rəssamın sərgisinin açılması nəzərdə tutulur
Bakı, 23 noyabr, AZƏRTAC
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, AMEA-nın Tarix İnstitutunun əməkdaşı, batalist rəssam Cəmaləddin Dərbəndli (İsmayılov) ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Q.Paşayeva qanlı savaşların, döyüş səhnələrinin olduğu kimi təsvirini tələb edən batal janrının ölkəmizdə inkişafında özünəxas xidmətləri olan rəssamı yeni yaradıcılıq uğurları münasibətilə təbrik edib, uğurlar diləyib.
Bildirib ki, C.Dərbəndlinin xalq qəhrəmanlarımızın, tarixi şəxsiyyətlərimizin döyüş zəfərlərini sənətin bənzərsiz gücüylə tərənnümü sənət ictimaiyyətinə yaxşı bəllidir. Vaxtı ilə batal janrı Azərbaycan rəssamlığında özünəməxsus yer tutub. Bir çox rəssamlarımız əsərlərində savaş səhnələrini sənətkarlıqla təsvir edib. Çağdaş rəssamlarımızsa bu janra o qədər də çox müraciət etməyib. Cəmaləddin Dərbəndlinin Təhsil Nazirliyində baş rəssam kimi çalışdığını, dərslik və bədii kitabların tərtibatı ilə peşəkarlıqla məşğul olduğunu bir daha diqqətə çatdıran Q.Paşayeva deyib: “Siz Azərbaycan Prezidentinin Sərəncamı ilə dünya ədəbiyyatının latın qrafikalı əlifba ilə yenidən nəşr olunmasında, o cümlədən Azərbaycan Dövlət Ensiklopediyasının tərtibatında, eləcə də Heydər Əliyev Fondunun təşkil etdiyi bir çox layihələrdə yaxından iştirak etmisiniz. “Renesans” əsəriniz ictimaiyyət arasında böyük marağa səbəb olub. Bugünkü görüşümüz sizin möhtəşəm "Şuşa Zəfəri" və "Malazgirt" əsərlərinizlə bağlıdır. Biz təklif edirik ki, bu əsərləriniz başda olmaqla sizin tematik sərginizi təşkil edək, sənət ictimaiyyətimiz sizin əsərlərlə daha yaxından tanış ola bilsin".
C.Dərbəndli görüş və sərgi təklifi üçün komitə sədrinə təşəkkür edib.