Batumidə Ulu Öndərin anadan olmasının 103-cü ildönümü qeyd olunub
Tbilisi, 6 may, AZƏRTAC
Azərbaycanın Batumi şəhərindəki Baş Konsulluğunun təşəbbüsü və təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Batumi şəhərində yerləşən Nobel Qardaşları Muzeyində təşkil olunan tədbirdə çıxış edən Baş konsul Fuad Əzizov Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi və Azərbaycanın inkişaf strategiyasındakı müstəsna rolundan danışıb. Qeyd olunub ki, onun uzaqgörən neft strategiyası və “Əsrin müqaviləsi” ölkənin qlobal enerji bazarında mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verib.
Acarıstan Muzeylər Birliyinin direktoru Teona Zoidze isə bildirib ki, bu cür təşəbbüslər ölkələrimiz arasında mədəni əlaqələrin daha da inkişafına və xalqlarımızın ortaq dəyərlərinin dünyaya tanıdılmasında böyük rol oynayır.
Tədbir çərçivəsində “Dörddəbir əsr: Əsrin müqaviləsi” adlı sənədli film nümayiş etdirilib. Filmdə Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi”nin regional əməkdaşlıq və enerji təhlükəsizliyi baxımından əhəmiyyəti vurğulanıb, ictimai xadimlərin fikirləri və müsahibələri yer alıb. Həmçinin Nobel qardaşlarının regionda neft sənayesinin inkişafındakı fəaliyyəti və həyata keçirdikləri texnoloji yeniliklər qeyd olunub.
Sonda iştirakçılar muzeydə nümayiş edilən tarixi eksponatlar və arxiv materialları ilə tanış olublar.