İQTİSADİYYAT
“Bax, istifadə et, yarat” mobil tətbiqlər müsabiqəsi yekunlaşıb
Bakı, 28 noyabr, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) “Açıq Hökumət Məlumatları” portalının yenilənməsi ilə əlaqədar portaldan istifadəni təmin etmək üçün keçirdiyi “Bax, istifadə et, yarat” adlı mobil tətbiqlər müsabiqəsi yekunlaşıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqənin məqsədi Azərbaycan Respublikasının "Açıq Hökumət Məlumatları" (“data.gov.az”) portalındakı məlumatlar əsasında yeni mobil tətbiqlərin hazırlanması, Açıq Hökumət Məlumatlarından rahat istifadə, sosialyönümlü və innovativ ideyaların dəstəklənməsi və startap layihələrinin təşviq edilməsi idi.
Müsabiqə iştirakçıları hazırladıqları mobil tətbiqlərlə bağlı münsiflər heyəti qarşısında təqdimat ediblər. NRYTN-in Məlumat Hesablama Mərkəzinin və Yüksək Texnologiyalar Parkı MMC-nin, “Best Comp Group”, “Microsoft” şirkətlərinin mütəxəssislərindən ibarət münsiflər heyəti iştirakçıların müsabiqəyə təqdim etdiyi mobil tətbiqləri qiymətləndiriblər. Müsabiqəyə müxtəlif şirkətlərin əməkdaşları, universitet tələbələri, fərdi proqramçılar və startap fəaliyyəti ilə məşğul olan şəxslər qatılıblar. 9-u fərdi şəxs, 11-i komanda işi olmaqla, 20 tətbiq münsiflər heyətinə təqdim olunub.
İştirakçılar tərəfindən təqdim olunan mobil tətbiqlər sosial əhəmiyyət, funksionallıq, tamlıq, dizayn və məzmun baxımından dəyərləndirilib. Mobil tətbiqlərin hazırlanmasında daha çox Dövlət Statistika Komitəsi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Kənd Təsərrüfatı, Mədəniyyət və Turizm nazirliklərinin Açıq Hökumət Məlumatlarından istifadə edilib.
Qiymətləndirmə nəticələrinin açıqlanması və qaliblərin mükafatlandırılması “Bakutel 2017” sərgisi çərçivəsində baş tutacaq.