BBVB VALYUTA BÖLMƏSİNDƏ DÖVRİYYƏ 1,9 DƏFƏ ARTMIŞDIR
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, birja valyuta bazarının lider bankları sırasına valyuta bölməsində hərracların ümumi dövriyyəsində bağladığı əqdlərin sayına görə Azərbaycan Beynəlxalq Bankı, “UniBank” ASC, “Bank of Baku” səhmdar-kommersiya bankı, “Azəriqazbank” səhmdar-sərmayə bankı, “Qoçbank-Azərbaycan” qapalı səhmdar bankı daxil olmuşlar.
Oktyabrda BBVB-nin valyuta şöbəsinin hərraclarında 19 bank iştirak etmişdir. Hesabat ayında EHBS-da 38 ticarət sessiyası keçirilmiş və 119 əqd bağlanmışdır. ABŞ dolları üzrə hərracların həcmi 158 milyon 919 min AZN və ya 181,949 milyon dollar olmuşdur. Əvvəlki ayla müqayisədə valyuta bölməsində hərracların həcmi 8,47 faiz artmışdır. Cari ilin 9 ayının yekunlarına görə BBVB-nın valyuta bölməsində dövriyyə 1 milyard 154 milyon 668 min manat və ya dollar ekvivalentində 1,298 milyard olmuşdur. 2005-ci ilin yanvar-oktyabr aylarının göstəriciləri ilə müqayisədə valyuta bölməsində dövriyyə 1,9 dəfə artmışdır və BBVB-nin 13 illik fəaliyyəti ərzində bir il çərçivəsində qeydə alınan ən böyük göstərici hesab oluna bilər.
Hesabat dövründə milli valyutanın birja məzənnəsi 1 USD üçün 0.8747-dən 0.8722-dək artaraq, 0,29 faiz yüksəlmişdir. Nəticədə manatın orta hesablanmış məzənnəsi ABŞ dollarına nisbətdə oktyabr ayında 1 USD üçün 0,8734 AZN təşkil etmişdir. Sentyabrda bu göstərici 0,8774 AZN olmuşdur. Son ildə milli valyutanın birja məzənnəsi ABŞ dollarına nisbətən 4,94 faiz möhkəmlənmişdir.