BDU-da keçirilən elmi seminarda rusiyalı alimin məruzəsi dinlənilib
Bakı, 3 noyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda keçirilən elmi seminarda Rusiya Elmlər Akademiyasının A.A.Xarkeviç adına İnformasiyanın Ötürülməsi Problemləri İnstitutunun Paylanmış Hesablamalar Mərkəzinin müdiri professor Aleksandr Afanasyevin “Qabarıq və qabarıq olmayan istehsal vahidlərinin təhlili və performansının idarə edilməsi üçün çoxölçülü vizuallaşdırma üsulları” mövzusunda məruzəsi dinlənilib.
Məruzədə universitetlər, maliyyə institutları, xəstəxanalar və s. müəssisələrin sosial-iqtisadi vahidlərinin səmərəliliyinin təhlili və idarəetmə fəaliyyəti üçün geniş istifadə olunan riyazi metodlar və modellərdən bəhs olunub. Diqqətə çatdırılıb ki, təklif olunan üsul əsasında istehsal vahidi üçün əmsallar dəsti təqdim edilir və bu əmsallar bəzi çəkilərlə əlavə edilərək hər bir vahidin işini qiymətləndirmək üçün reytinq funksiyası müəyyən edilir.
Seminarda institutun əməkdaşları və Marağa Universitetinin Riyaziyyat bölməsinin professoru Ali Şükrü, Atatürk Universitetinin Riyaziyyat bölməsinin professorları Ahmet Ocak Akdemir və Erhan Set iştirak ediblər.