BDU-da tədbir: Beynəlxalq Cinayət Məhkəməsinin tərkibi, strukturu və yurisdiksiyası
Bakı, 12 mart, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Hüquq Fakültəsində Tələbə Gənclər Təşkilatı (TGT) tərəfindən “Beynəlxalq Cinayət Məhkəməsi: Tərkibi, strukturu və yurisdiksiyası” adlı onlayn elmi-praktik tədbir keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Hüquq fakültəsinin TGT sədri Firavan Əlizadə müasir beynəlxalq hüququn yaranması və inkişafı nəticəsində beynəlxalq cinayət hüququnun ayrıca bir institut kimi formalaşdığını qeyd edib. O, beynəlxalq cinayət hüququnun beynəlxalq cinayətlərin qarşısının alınmasında və cinayətkarların cəzalandırılmasında beynəlxalq hüquqa mühüm töhfə verdiyini vurğulayıb, bunu beynəlxalq cinayətlərə görə fiziki şəxslərin məsuliyyətini müəyyən edən və “ad hoc” qaydasında fəaliyyət göstərən Nürnberq, Tokio, keçmiş Yuqoslaviya və Ruanda beynəlxalq cinayət tribunallarının nümunələrində görmək mümkünlüyünü diqqətə çatdırıb.
Tədbirdə fakültənin tələbələrinin “Hüquq pozuntusu anlayışı”, “Cəzanın tətbiq olunmasına tarixi baxış”, “Dövlətin cəza tədbirləri”, “Beynəlxalq Cinayət Məhkəməsinin yaradılması və fəaliyyəti”, “Müharibə cinayətlərinə görə məsuliyyətin müəyyən edilməsi”, “Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər və məsuliyyət tədbirləri” mövzularında təqdimatları dinlənilib. Çıxışlarda 2003-cü il martın 11-dən etibarən Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyətə başladığına diqqət çəkilib, cəmiyyətə qarşı “hüquq pozuntusu”na aydınlıq gətirilib, “cəza” anlayışına hüquqi və tarixi aspektdən yanaşılıb, ibtidai icma quruluşundan XXI əsrə qədər cəza metodları və prinsipləri haqqında danışılıb. Beynəlxalq Cinayət Məhkəməsinin yaranma tarixi haqqında geniş məlumat verilərək, onun yurisdiksiyasına daxil olan məsələlər tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın anlayışı, məqsəd və növlərindən bəhs edən müvafiq maddələri nəzərdən keçirilərək müzakirə olunub.