BDU-da tədbir: Əqli mülkiyyətə dair sənəd-informasiya resursları
Bakı, 27 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində “Əqli mülkiyyətə dair sənəd-informasiya resursları” mövzusunda elmi seminar olub.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Seminarda Sənəd menecmenti kafedrasının müəllimi Əliyusif Məmmədovun mövzu üzrə məruzəsi dinlənilib. Ə.Məmmədov əqli mülkiyyət anlayışını şərh edib, ölkəmizin Ümumdünya Əqli Mülkiyyət Təşkilatında, müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində beynəlxalq konvensiya və müqavilələrdə fəal iştirakından, eyni zamanda, bu sahədə dövlət siyasətini həyata keçirən Əqli Mülkiyyət Agentliyinin səmərəli fəaliyyətindən danışıb. Tədqiqatçı əqli mülkiyyət sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi haqqında ətraflı məlumat verib, bu sahənin hüquqi bazasının formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müstəsna xidmətlərini diqqətə çatdırıb.
Məruzədə əqli mülkiyyət hüquqlarının təminatı, piratçılıqla mübarizə, əmtəə nişanları, müəlliflik hüquqları və əlaqəli hüquqların pozulmasına görə məsuliyyət, əqli mülkiyyətin beynəlxalq səviyyədə qorunması kimi məsələlər şərh olunub, əqli mülkiyyətə dair sənəd-informasiya resursları təhlil edilib.
Tədqiqatçı, həmçinin bu istiqamətdə BDU-da həyata keçirilən işlərdən bəhs edib. Bildirilib ki, BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin tərkibində Əqli mülkiyyətin qorunması şöbəsi yaradılıb. Şöbənin fəaliyyəti BDU-nun intellektual mülkiyyətinin qorunmasını təmin etmək, ixtiraçılıq, patent-lisenziya, tətbiqi elmi-tədqiqat işlərinin və işləmələrin perspektiv və cari planlarını hazırlamaq, ixtiraçılara və tədqiqatçılara ixtiraların tərtibində və müəlliflik hüququnun qorunmasında yardımçı olmaq, əməkdaşların və tələbələrin əqli mülkiyyətin qorunmasının hüquqi aspektləri üzrə təlimlərinə təşkilati dəstək vermək kimi vacib istiqamətləri əhatə edir.
Məruzədə universitetin İnformasiya və sənəd menecmenti fakültəsində müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında fənlərin tədris olunduğu, fakültə əməkdaşları tərəfindən bu sahə üzrə monoqrafiya, dərs vəsaiti və elmi məqalələrin hazırlandığı, bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələr tərəfindən həmin mövzuları əhatə edən buraxılış işləri və dissertasiyaların müdafiə olunduğu da vurğulanıb.
Elmi seminar müzakirələrlə davam edib.