BDU-da tədbir: Qarabağ zəfəri Heydər Əliyev siyasətinin nəticəsidir
Bakı, 25 may, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) 44 günlük Vətən müharibəsindəki qələbəmizə həsr olunmuş silsilə tədbirlər keçirilir. BDU-nun Tarix, Geologiya, Kimya, Tətbiqi riyaziyyat və kibernetika fakültələrinin birgə təşkilatçılığı ilə “Qarabağ zəfəri Heydər Əliyev siyasətinin nəticəsidir” adlı növbəti tədbir təşkil olunub.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, tədbirdə BDU-nun Tarix fakültəsinin tədris işləri üzrə dekan müavini Bəxtiyar Nəbiyev ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizin inkişafında əvəzolunmaz xidmətlərindən danışıb.
Sonra məruzə ilə çıxış edən BDU-nun Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, Milli Məclisin deputatı, professor Anar İsgəndərov ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmizin sənaye respublikasına çevrilməsindən, 1978-ci ildə Azərbaycan SSR-nin Konstitusiyasının qəbulu zamanı Azərbaycan dilinin dövlət dili kimi qəbul olunmasında dahi rəhbərin rolundan bəhs edib. Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasına rəhbərliyi dövründə iqtisadiyyatın bütün sahələrinin inkişaf etdiyini vurğulayıb.
Anar İsgəndərov, həmçinin məruzəsində 2003-cü ildən Prezident İlham Əliyevin Azərbaycanın daha da qüdrətləndirilməsi və ərazi bütövlüyünün təmin edilməsi istiqamətində həyata keçirdiyi uğurlu daxili və xarici siyasətindən danışıb. O, Vətən müharibəsindəki möhtəşəm qələbənin ulu öndər Heydər Əliyevin siyasi dühası ilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi səriştəsinin səsləşməsinin nəticəsi olduğunu bildirib.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.