BDU-da urdu dilində danışıq üzrə vebinar
Bakı, 12 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsi və Pakistanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “Urdu dilində danışıq klubu” adlı vebinar keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, Pakistanın Azərbaycandakı səfiri Bilal Haye iki ölkə arasında dostluq münasibətlərindən danışaraq, urdu dilini öyrənən tələbələrin bu əlaqələrə töhfə verəcəyinə inandığını qeyd edib.
Vebinarda çıxış edən Şərqşünaslıq fakültəsinin urdu dili müəllimi Eldost İbrahimov Azərbaycan-Pakistan əlaqələrinin tarixi köklərinə toxunub, BDU haqqında məlumat verib.
Tədbirdə urdu dili ixtisası üzrə təhsil alan tələbələr çıxış ediblər. Sonda səfir Bilal Haye iştirakçıların suallarını cavablandırıb.
Görüşdə Şərqşünaslıq fakültəsinin urdu dili müəllimləri Amalya Paşayeva, fakültənin dekan müavinləri Nigar İsmayılzadə, Tərlan Məlikov və Şahin Yusifli, urdu dili ixtisası üzrə təhsil alan tələbələr və Azərbaycanın müxtəlif universitetlərində təhsil alan pakistanlı tələbələr iştirak ediblər.