BDU-nun dörd tələbəsi Milanda 75-ci Beynəlxalq Astronavtika Konqresində təqdimat edib
Bakı, 17 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) “SABAH” qruplarının dörd tələbəsi İtaliyanın Milan şəhərində 75-ci Beynəlxalq Astronavtika Konqresində təqdimat edib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, “SABAH” qruplarının psixologiya ixtisası üzrə IV kurs tələbələri Rəvan Əlizadə “Kosmosa uçuş və mikroqravitasiyanın beyinə təsirləri”, Nərgiz Əliyarlı “Kosmosda menstruasiyanın psixofizioloji aspektlərinin araşdırılması”, Elza Səlimli “Kosmosda koqnitiv davranış terapiyasının tətbiqi”, “Kosmosda turizmin psixososial çətinlikləri”, Fidan Hüseynzadə “Perseverance Rover”in Marsda missiyası” və “Kosmosda anoreksiya nevroza” mövzularında təqdimatlar ediblər.
Qeyd edək ki, oktyabrın 18-dək davam edəcək konqresdə kosmik sahədə qazanılan uğurlar və yeni trendlər müzakirə olunur. Ümumilikdə 120 ölkədən 11 mindən çox nümayəndənin iştirak etdiyi Milan Konqresində 200 texniki sessiyada 2400-dək elmi məqalə təqdim edilir. Konqresə ölkəmizdən 50-dən çox tələbə, gənc mütəxəssis və alimdən ibarət milli elmi komanda qatılıb.