ELM VƏ TƏHSİL
BDU-nun əməkdaşı Almaniya universitetində tədqiqat aparır
Bakı, 15 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi Lalə Qəhrəmanlı Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Elm və Texnologiyada Avropa Əməkdaşlığı (Europian Cooporation in Science and Technology - COST) proqramının “Fotovoltaika üçün yeni qeyri-üzvi halkogenidlərin tədqiqi və beynəlxalq əməkdaşlıq” (CA21148) adlı layihəsi üzrə Qısamüddətli Elmi Missiya (Short-term Scientific Mission (STSM)) qrant müsabiqəsində 120 layihə arasında 8 qalibdən biri olaraq seçilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, o, hazırda Almaniyanın Erlangen-Nürnberq şəhərində yerləşən Fridrix Aleksandr Universitetinin (FAU) Nazik təbəqələr materiallarının kimyası bölməsinin rəhbəri, professor Julien Bachmann və əməkdaşları ilə birgə həmin layihə çərçivəsində “Fotovoltaika üçün gümüş sulfid-kadmium sulfid / gümüş nanonaqilləri və qrafen əsaslı (Ag2S-CdS NN/Ag NN/QF) materiallar” mövzusu üzrə elmi tədqiqatlar aparır.
Lalə Qəhrəmanlı apardığı tədqiqatların nəticələri barədə FAU-da elmi məruzə ilə çıxış edib. O öz məruzəsində BDU-nun Azərbaycanın ən qədim təhsil ocağı olduğunu vurğulayıb, universitetin tarixi, elmi-tədqiqat fəaliyyəti, gələcək perspektivləri və beynəlxalq əlaqələri haqqında məlumat verib.
Qeyd edək ki, FAU qlobal reytinq cədvəli üzrə Almaniya universitetləri arasında 8-ci, beynəlxalq reytinq cədvəlində isə 127-ci yerdə qərarlaşıb.