BDU, RSXM və Kocaeli Universiteti ilə elmi tədqiqatları aparır
Bakı, 20 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi və Türkiyə Respublikasının Kocaeli Universiteti arasında üçtərəfli əməkdaşlıq birgə elmi tədqiqatların aparılması ilə yanaşı, kadrların qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi baxımından da əhəmiyyətlidir.
Mərkəzin Elektron Xidmətlər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bunu Kocaeli Universitetinin İnşaat bölümünün rəhbəri, professor Tekin Yeken oktyabrın 20-də RSXM-də keçirilən görüşdə deyib.
Bildirilib ki, görüşdə əsas müzakirələr Respublika Seysmoloji Xidmət Mərkəzi, Kocaeli Universiteti və BDU-nun Seysmologiya və Yer Təkinin fizikası kafedrası arasında birgə əməkdaşlıq və elmi tədqiqatların aparılması ilə bağlı olub.
RSXM-in baş direktoru Qurban Yetirmişli Kocaeli Universiteti ilə mərkəz arasında uzun illərdir ki, ikitərəfli əməkdaşlıq olduğunu qeyd edərək, birgə elmi tədqiqatlar aparması üçün böyük potensialın və imkanların mövcudluğunu qeyd edib. O, həmçinin BDU-nun Seysmologiya və Yer Təkinin fizikası kafedrası ilə RSXM arasında yaxşı əlaqələrin olduğunu vurğulayaraq, hər üç qurumun birgə elmi tədqiqatlar aparmasının faydalı olacağına əminliyini ifadə edib.
Kocaeli Universitetinin professoru Tekin Yeken üçtərəfli əməkdaşlığın birgə elmi tədqiqatlar aparılması ilə yanaşı, tərəflər arasında kadrların qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi baxımından da əhəmiyyətli olduğunu deyib.