BDU TƏLƏBƏLƏRİ “TRANSQAFQAZ DİALOQU”MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK ETMİŞLƏR
Konfransdan məqsəd Qafqaz bölgəsində baş verən prosesləri müzakirə etmək və fikir mübadiləsi aparmaq idi.
Tədbirdə Azərbaycanı Bakı Dövlət Universiteti beynəlxalq hüquq fakültəsinin tələbələri Fərid Əliyev, Nərgiz Muradova, Şəfiqə Rüstəmova, Qələndər Bağırov, Emil Əliyev, Natalya Badanina, Xalidə Nurmətova və Moskva Dövlət Hüquq Akademiyasının tələbəsi Azər Qəhrəmanov təmsil edirdilər.
Tələbələrimiz “Azərbaycanın beynəlxalq təşkilatlara inteqrasiyası”, “Dağlıq Qarabağ münaqişəsinin dincliklə həlli yolları: dialoq və qarşılıqlı güzəştlərin axtarışı”, “Rusiyanın Qarabağ münaqişəsinə münasibətdə siyasəti”, “Qafqazda Türkiyə amili”, “İnteqrasiya prosesləri və regional təhlükəsizlik”, “Neft kəmərləri Qafqaz regionunun coğrafi-siyasi amili kimi”, “MDB-də (Cənubi Qafqazda) iqtisadi inteqrasiyanın əsasları” mövzularında çıxış etmişlər. Həmyerlilərimiz bölgədə vəziyyətə və əməkdaşlığın inkişaf perspektivlərinə dair debatlarda da fəal iştirak etmiş, yüksək hazırlıq səviyyəsi və mövzulara dərindən bələdliyi ilə fərqlənmişlər.
Konfrans təşkilatçılarının sözlərinə görə, tədbir çox uğurlu keçdi, tələbələr arasında konstruktiv dialoq alınmışdır. Konfransın ikinci mərhələsini Azərbaycan, Gürcüstan və Ermənistanda keçirmək nəzərdə tutulur.