BDU tələbələri üçün “4Sİ Akademiyası – Milli Proqram”la bağlı məlumat sessiyası
Bakı, 2 oktyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Coursera” şirkətinin birgə həyata keçirdiyi “4Sİ Akademiyası – Milli Proqram” layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) tələbələri üçün məlumat sessiyası keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
4SİM-in Rəqəmsal iqtisadiyyat şöbəsinin rəhbəri Xəyalə Fətullayeva bildirib ki, proqram 4-cü sənaye inqilabı sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi, rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması və rəqəmsal iqtisadiyyatın inkişafına dəstək göstərilməsi məqsədilə icra olunur. “Milli Proqram” çərçivəsində iştirakçılar “Coursera” platformasında dünyanın 400-ə yaxın aparıcı universitet və texnologiya şirkətinin təqdim etdiyi 21 mindən çox təlimdən yararlana bilirlər. Proqram iştirakçılara müxtəlif istiqamətlərə dair bilik və bacarıqlarını inkişaf etdirmək və uğurla tamamladıqları kurslar üzrə beynəlxalq sertifikatlar əldə etmək imkanı yaradır.
BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov universitetin proqramın əvvəlki mərhələsində fəal iştirak etdiyini diqqətə çatdırıb. Bildirilib ki, 2025-ci il aprelin 1-dən 2026-cı il martın 31-dək BDU-dan 1835 tələbə və 139 əməkdaş proqrama qoşulub. Bu müddətdə tələbələr 3057, əməkdaşlar isə 387 kursu uğurla tamamlayıblar. Ötən il BDU ilə 4SİM arasında imzalanmış anlaşma memorandumu çərçivəsində əməkdaşlıq tələbə və əməkdaşların müasir bilik və bacarıqlara çıxış imkanlarını genişləndirib.
Qeyd edək ki, proqramın cari mərhələsində BDU-dan artıq 286 nəfər iştirak edib və 1022 təlim tamamlanıb. Bu göstərici ilə BDU istifadəçi aktivliyinə görə ali təhsil müəssisələri arasında ilk üçlükdə yer alıb.
Sessiya zamanı tələbələrə proqramın məqsəd və imkanları, əsas kurs istiqamətləri, Azərbaycan dilində təqdim olunan təlimlər, kurslara oflayn giriş imkanı, süni intellektəsaslı “Coursera AI Assistant” funksiyası, “Rəqəmsal nişan” sistemi, eləcə də cari mərhələyə qoşulma və qeydiyyat qaydaları barədə məlumat verilib.
Tədbir tələbələrin suallarının cavablandırılması ilə yekunlaşıb.