BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN GÜNÜ MÜNASİBƏTİLƏ BAYRAM TƏDBİRİ
Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkəmizdə idmanın və bədən tərbiyəsinin inkişafındakı xidmətlərindən və ulu öndərimizin siyasətinin dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsindən danışmışdır. Nazir bildirmişdir ki, ümummilli liderimizin gənclər və idman siyasətinin davamı olaraq, Azərbaycan Prezidenti İlham Əliyev ötən il martın 4-də “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında Sərəncam imzalamışdır. Bu bayramın martın 5-də qeyd olunması heç də təsadüfi deyildir. Belə ki, 1995-ci ilin həmin günü ulu öndərimiz, Azərbaycan idmanının himayədarı Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşmüş və bu sahənin inkişafı üçün İdman Fondunu təsis etmiş, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoymuşdur.
Xalqımızın sağlamlığının mühafizəsi və möhkəmlənməsində, gənclərin fiziki inkişafında, ölkəmizin idman şərəfinin beynəlxalq aləmdə daha yaxşı qorunmasında bədən tərbiyəsinin böyük əhəmiyyətindən danışan nazir, bu bayram münasibətilə respublikamızda müxtəlif tədbirlərin həyata keçirildiyini və martın 5-də idman ictimaiyyətinin çoxsaylı nümayəndələrinin iştirakı ilə Milli Parkda festival təşkil olunacağını diqqətə çatdırmışdır. Nazir idman ictimaiyyətinin bir qrup nümayəndəsini fəxri fərmanlarla təltif etmişdir.
Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, idman federasiyaları və klubları nümayəndələrinin, Milli Məclis deputatlarının, tanınmış idmançıların və bədən tərbiyəsi işçilərinin iştirak etdiyi tədbir geniş konsert proqramı ilə başa çatmışdır.