BƏDİİ GİMNASTİKA ÜZRƏ “QRAN-PRİ MOSKVA-2006” BEYNƏLXALQ TURNİRİ BAŞA ÇATMIŞDIR
Yarışların yekunlarına əsasən Aliyə Qarayeva lentlə hərəkətlərdə 15,775 balla 5-ci, iplə hərəkətlərdə 15,525 balla 6-cı, topla hərəkətlərdə 15,125 balla 7-ci və gürzlərlə hərəkətlərdə 14,5 balla 7-ci olmuşdur.
Ayrı-ayrı növlərdə mükafata layiq yerləri, əsasən, Rusiya və Belarus gimnastları tutmuşlar.
Rusiyanın bədii gimnastika üzrə yığma komandasının baş məşqçisi İrina Viner gimnastımızın çıxışını yüksək qiymətləndirərək, əmin olduğunu bildirmişdir ki, onu böyük gələcək gözləyir. İ.Viner AZƏRTAC-ın müxbirinə demişdir ki, Aliyə belə mötəbər turnirdə ilk dəfə çıxış edirdi. Buna görə də hamı onun çıxışını böyük həyəcanla izləyirdi. “Düşünürəm ki, Aliyə yaxşı nəticələr qazanacaq və Azərbaycanın bayrağını yüksəyə qaldıracaqdır. Bu gün o, 5-ci yer tutdu. Lakin bu, zənnimcə, çox yüksək nəticədir. Əminəm ki, Aliyə növbəti yarışlarda daha yaxşı, daha inamla çıxış edəcək və Olimpiya oyunlarınadək kamilləşərək, ən yüksək yerlər uğrunda mübarizə aparmağa qadir olacaqdır. Xüsusi vurğulamaq istəyirəm ki, Aliyə Olimpiya oyunlarının bürünc mükafatçısı ukraynalı Anna Bessonova kimi adlı–sanlı gimnastı təkcə çoxnövçülükdə deyil, ayrı-ayrı növlərdə də geridə qoydu”.
İ.Vinner Azərbaycan gimnastıkasının inkişaf perspektivlərinə toxunaraq bildirdi ki, ölkəmizin bədii gimnastika nümayəndələri qrup hərəkətlərində əla çıxış etmiş və komanda 5-ci yeri tutmuşdur. Ümidvarıq ki, dünya çempionatında Azərbaycan 5-ci yerə çıxacaq və bütün gimnastlarımız Olimpiya oyunlarına vəsiqə alacaqlar.
Aliyə Qarayevanın özü isə dedi: “Moskva turniri Portuqaliyada keçiriləcək Avropa çempionatı ərəfəsində mənim üçün yaxşı hazırlıq oldu. Lakin bu çempionata qədər hələ digər yarışlar da var. Bu yarışlar yaxşı formaya düşməyə və mənən hazırlaşmağa kömək edəcəkdir”.