BƏƏ Sudana silah göndərilməsi ilə bağlı iddiaları rədd edib
Bakı, 14 avqust, AZƏRTAC
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Sudandakı münaqişə tərəflərindən birinə silah və sursat tədarük etdiyi iddiası ilə bağlı KİV-də yayılan xəbərləri rədd edib.
AZƏRTAC xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin saytında məlumat dərc olunub.
“KİV-də BƏƏ-nin Sudanda münaqişə tərəflərini silah-sursatla təchiz etdiyi ilə bağlı yayılan xəbərlərə gəlincə, Xarici İşlər Nazirliyinin Strateji Kommunikasiyalar Departamentinin direktoru Afra əl-Hamili bu iddiaları və ittihamları qəti şəkildə rədd edib”, - deyə məlumatda vurğulanır.
Əl Hamili əlavə edib ki, BƏƏ münaqişədə tərəf tutmur. O, BƏƏ-nin Sudanda siyasi prosesi və hökumətin formalaşdırılması üçün milli konsensusa nail olmaq səylərini ardıcıl olaraq dəstəklədiyini söyləyib. Əl Hamili qeyd edib ki, Əbu-Dabi Afrika ölkəsində humanitar vəziyyətə nəzarəti davam etdirir.
“Münaqişənin başlanğıcından bəri BƏƏ Sudana tibbi ləvazimat və ərzaq da daxil olmaqla 2000 tona yaxın humanitar yardım göndərib, həmçinin sudanlı qaçqınlara və ehtiyacı olan digər insanlara kömək etmək üçün Çadın şərqindəki Am Jeres şəhərində səhra xəstəxanası təşkil edib”, -deyə məlumatda qeyd olunub.