CƏMİYYƏT
Bəhram Bağırzadə yəhudi uşaqlarına yeni kitablarını hədiyyə edib
Bakı, 27 aprel, AZƏRTAC
İsrailin Müstəqillik Günündə Bakıda fəaliyyət göstərən yəhudi məktəbinin şagirdləri Azərbaycanın Əməkdar artisti, əfsanəvi “Bakılı oğlanlar” Şən və Hazırcavablar Komandasının iştirakçısı, naşir Bəhram Bağırzadədən hədiyyə alıblar.
AZƏRTAC xəbər verir ki, Bəhram Bağırzadə sinaqoq vasitəsilə uşaqlara “Bakı uşaqlar üçün”, “Qarabağ - Azərbaycandır!” və “Yerusəlim uşaqlar üçün” kitablarını göndərib.
Bəhram Bağırzadə sosial şəbəkələrdəki səhifəsində yazıb: “Ümid edirəm ki, uşaqlar kitablara şad olublar, bayram günündə mən balaca oxucularımı sevindirə bilmişəm və bu, mənə xoşdur. İsrail və Azərbaycan, sadəcə dost deyil, iki ölkə çoxəsrlik qardaşdır, onlar həmişə sülh, hörmət və əmin-amanlıq şəraitində yaşayıblar. Bu gözəl dostluq və qardaşlıq ənənəsi XXI əsrdə də ölkəmizin gənc yəhudi nəslinin timsalında davam edir! İsrailin Müstəqillik Günü bayramı münasibətilə hamımızı səmimi-qəlbdən təbrik edirəm!”.