Bəhruz Kəngərli adına Sərgi Salonunda “Zəfər cəngi” adlı rəsm sərgisi açılıb
Naxçıvan, 3 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda 8 Noyabr - Zəfər Gününə həsr edilmiş “Zəfər cəngi” adlı rəsm sərgisi keçirilib. Əvvəlcə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva 44 günlük Vətən müharibəsində xalqımızın əldə etdiyi şanlı Qələbənin hərbi, siyasi və tarixi əhəmiyyətindən bəhs edib. Bildirib ki, 27 sentyabr tarixindən başlanan Vətən müharibəsində əldə etdiyimiz böyük Zəfərin qazanılmasında Ali Baş Komandanımız, Prezident İlham Əliyevin qətiyyəti, iradəsi və vətənpərvər oğullarımızın şücaəti, qəhrəmanlığı böyük rol oynadı. Ölkəmizin digər bölgələri kimi, Naxçıvanın da qeyrətli oğulları müharibədə qəhrəmanlıq, fədakarlıq nümayiş etdirdilər, çoxlu şəhidlər verdik. Qəlbi, ruhu Vətən, torpaq, yurd sevgisi ilə yoğurulmuş şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayır. Şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərilir. Naxçıvanlı rəssamlarımız çəkdikləri rəsm əsərləri ilə onların ruhuna ehtiramını bildirir, əziz tuturlar.
Azərbaycan Respublikasının Əməkdar rəssamı Fikrət Babayev, sənətşünas Nizami Alıyev və digər rəssamlar çıxış edərək 44 günlük şanlı Zəfər tariximizdən, ordumuzun şücaətindən danışıblar, əldə edilən Qələbənin xalqımıza baş ucalığı gətirdiyini və həmişə yaddaşlarda qalacağını qeyd ediblər.
Sonra sərgiyə baxış olub.
Çəkilmiş şəhid portretləri onların ailə üzvlərinə təqdim edilib. Şəhid ailələri göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, sərgidə tarixi Zəfəri əks etdirən rəsm əsərləri də yer alıb. Onların içərisində Arzu Novruzovun “Zəngəzur dəhlizi”, Fikrət Babayevin “Cəsur döyüşçülər”, Ülviyyə Məmmədovanın “Xarıbülbül”, Telman Abdinovun “Zəfər bizimlədir”, Əli Səfərlinin “Dəmir yumruq” və digər rəsm əsərləri var. 26 rəssamın 35 rəsm əsərinin nümayiş etdirildiyi rəsm sərgisi bir həftə davam edəcək.