Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova İçərişəhərlə tanış olub




Bakı, 19 fevral, AZƏRTAC
Ölkəmizdə rəsmi səfərdə olan Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova İçərişəhərlə tanış olub.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, burada qonağa UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, həmçinin burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilib.
Sonra qonaq orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şirvanşahlar Sarayı Kompleksi ilə tanış olub.
Daha sonra Natalya Koçanova Bakıda fəaliyyət göstərən "Belaruski" ticarət mərkəzinə də baş çəkib. O, burada mərkəzin fəaliyyəti ilə tanış olub və əməkdaşlarla söhbət edib.