Belçikanın “Le Pain Quotidien” şirkəti Azərbaycan bazarına maraq göstərir
Bakı, 8 iyul, AZƏRTAC
Belçikanın “Le Pain Quotidien” çörəkçi-kafelər şəbəkəsi Azərbaycanda öz müəssisələrinin açılması üçün SINTEKS şirkətlər qrupu ilə “master françayzinq” müqaviləsi bağlayıb. AZƏRTAC bu barədə “Verdict Food Service” portalına istinadla xəbər verir.
Tərəfdaşlıq çərçivəsində brend çörəkçi məhsulları və restoran konsepsiyası təqdim ediləcək ki, onlardan birincisi - “Le Pain Quotidien” kafesi Bakıda açılacaq. Şirkət konkret buraxılış tarixlərini təqdim etmir, lakin bildirir ki, Azərbaycan bazarına daxil olmaq onun qlobal böyümə və inkişaf strategiyasında daha bir mühüm addım olacaq. Şirkətin LinkedIn səhifəsində dərc olunan yazıda belə deyilir: “İlk mərhələdə biz “Le Pain Quotidien” təcrübəsini Azərbaycan paytaxtına gətirmək üçün Bakıda bir neçə çörək sexi və restoran açmağı planlaşdırırıq. Biz SINTEKS şirkətlər qrupu ilə əməkdaşlıq etməkdən və yeni bazarda keyfiyyətə sadiqliyimizi nümayiş etdirməkdən məmnunuq”.

“Le Pain Quotidien” belçikalı aşpaz Alen Kumon tərəfindən təsis edilmiş beynəlxalq çörəkçi restoranları şəbəkəsidir. Hazırda şəbəkənin rəhbəri də bu şəxsdir. Onun restoranlarının başlıca dekorasiya elementi əsas zalın ortasında dayanan uzun “ailə taxta masası”, ən populyar məhsulu isə restoranda bişmiş çörəkçi məmulatıdır.

“Verdict Food Service” qida xidməti sənayesində 40-dan çox B2B saytını birləşdirən qlobal platformadır. Onun auditoriyasına bütün dünyada qastronomiya sənayesində çalışan 55 milyondan çox menecer, mütəxəssis, ekspert, influenser və digər peşəkarlar daxildir.