BƏLƏDİYYƏ TORPAQLARI ÜZƏRİNDƏ MÜLKİYYƏT, İSTİFADƏ VƏ İCRA HÜQUQLARI YALNIZ TORPAQ HƏRRACLARI VƏ YA MÜSABİQƏLƏRİ VASİTƏSİLƏ ƏLDƏ EDİLƏ BİLƏR
Bakı, 6 fevral (AZƏRTAC). Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icra hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
Bu sözləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri, akademik Qərib Məmmədov fevralın 6-da Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirdiyi mətbuat konfransında demişdir.
Qərib Məmmədov qurumun fəaliyyətindən, gələcək planlardan, mövcud problemlərdən danışaraq bildirmişdir ki, təməli müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş sürətli inkişaf strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ölkəmizin inkişafında iqtisadi və siyasi əhəmiyyət kəsb edən torpaq islahatının qarşıya qoyduğu vəzifələrə müvafiq olaraq, Komitə səlahiyyətləri çərçivəsində tədbirlər həyata keçirməkdədir. Yaxın vaxtlaradək yerlərdə dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsində, onların alqı-satqısında müşahidə edilən qanun pozuntuları, qanunvericiliklə müəyyən edilmiş növbəliliyin gözlənilməməsi, vətəndaşların üstün hüquqlarının nəzərə alınmaması qurumun fəaliyyətinə problem yaradan başlıca amillər olmuşdur. "Torpaq icarəsi haqqında" və "Torpaq bazarı haqqında" qanunlarda torpaqların bilavasitə icarəyə və mülkiyyətə verilməsi ilə yanaşı, hərraclar və müsabiqələr vasitəsilə ayrılmasının da nəzərdə tutulmasına baxmayaraq, yerli icra hakimiyyətləri və bələdiyyələr indiyədək yalnız torpaqların bilavasitə ayrılmasına üstünlük vermişlər. Məhz belə halların aradan qaldırılmasını təmin etmək məqsədi ilə torpaq bazarının təşkili sahəsində dövlət siyasətinin əsas prinsiplərinə müvafiq olaraq, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 noyabr tarixli Sərəncamı ilə müəyyən edilmişdir ki, bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icra hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Prezidentin 2008-ci il 10 dekabr tarixli Fərmanı ilə DTXK-ya dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin, hərraclarının təşkilatçısı səlahiyyəti verilmişdir.
Q.Məmmədov “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” çərçivəsində qurumun respublikanın torpaq örtüyündən səmərəli istifadə edilməsi və mühafizəsi üzrə qarşısında duran vəzifələrdən danışmışdır. Azərbaycan ərazisində daimi fəaliyyət göstərən Peyk Geodeziya Şəbəkəsinin yaradılacağı, həmçinin ortofotoxəritələrin və bunların əsasında da kadastr xəritələrinin hazırlanacağı diqqətə çatdırılmışdır.
Sonda DTXK-nın sədri Qərib Məmmədov sualları cavablandırmışdır.